Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media
Forumundakı çıxışı Azərbaycanın xarici siyasətinin cari prioritetlərini və
ölkəmizin beynəlxalq sistemdə özünü necə mövqeləndirdiyini əks etdirən strateji
bir çıxış idi. Çıxışın ümumi məzmunu göstərir ki, Azərbaycan artıq yalnız
regional proseslərdə iştirak edən dövlət deyil, eyni zamanda beynəlxalq
gündəliyin formalaşmasına töhfə verən, müxtəlif platformalarda dialoqu təşviq
edən və qlobal çağırışlara münasibət bildirən fəal aktor kimi çıxış edir.
Prezidentin diqqət çəkdiyi əsas məqamlardan biri
Azərbaycanın "orta güc dövləti" kimi artan roluna dair yanaşması idi.
O, bu anlayışı yalnız iqtisadi və ya hərbi imkanlarla məhdudlaşdırmadı. Əksinə,
vurğuladı ki, müasir beynəlxalq münasibətlərdə orta güc dövləti milli
maraqlarını müstəqil şəkildə qorumağı, regional proseslərə təsir göstərməyi,
tərəfdaşları bir araya gətirməyi və beynəlxalq məsuliyyət daşımağı bacaran
ölkədir.
Çıxışda Qarabağ mövzusu da yeni prizmadan təqdim
olundu. Əgər əvvəlki illərdə beynəlxalq auditoriya qarşısında əsas diqqət
işğalın nəticələrinə yönəlirdisə, bu dəfə Prezident daha çox bərpa və quruculuq
prosesinə diqqət çəkdi. O qeyd etdi ki, forum iştirakçıları əvvəlki
səfərlərində xarabalıqları görürdülərsə, bu gün artıq yeni şəhərlərin salınmasının,
yaşayış məntəqələrinin tikilməsinin və insanların doğma yurdlarına ləyaqətli
qayıdışının şahidi olurlar. Bununla Azərbaycan postmünaqişə dövrünün əsas
gündəliyinin təhlükəsizlik deyil, inkişaf, reinteqrasiya və dayanıqlı quruculuq
olduğunu nümayiş etdirməyə çalışır.
Prezidentin çıxışında nəqliyyat və bağlantı
məsələləri də xüsusi yer tutdu. O vurğuladı ki, son onillikdə yaradılmış
infrastruktur və həyata keçirilən layihələr Azərbaycanın Avrasiya məkanında
mühüm logistika mərkəzinə çevrilməsinə imkan verib. Qlobal geosiyasi
gərginliklər və ənənəvi ticarət marşrutlarında yaranan risklər fonunda Orta
Dəhlizin əhəmiyyəti daha da artır. Bu kontekstdə Azərbaycanın yalnız coğrafi
mövqeyindən deyil, uzunmüddətli strateji planlaşdırmadan faydalanaraq regional
tranzit və ticarət əlaqələrinin əsas iştirakçılarından birinə çevrildiyi mesajı
verildi.
Enerji təhlükəsizliyi də çıxışın əsas
istiqamətlərindən biri oldu. Prezident Azərbaycanın Avropanın etibarlı enerji
tərəfdaşı kimi mövqeyinin daha da gücləndiyini, qaz ixracının coğrafiyasının
genişləndiyini və bərpa olunan enerji layihələrinin sürətlə inkişaf etdiyini
qeyd etdi. Bununla yanaşı, o, enerji əməkdaşlığının uzunmüddətli müqavilələr və
qarşılıqlı etimad üzərində qurulmasının vacibliyini vurğulayaraq enerji
təhlükəsizliyinin artıq təkcə iqtisadi deyil, həm də geosiyasi məsələ olduğunu
diqqətə çatdırdı.
Çıxışın digər mühüm istiqaməti Azərbaycanın
balanslaşdırılmış xarici siyasət kursu ilə bağlı idi. Prezident Türkiyə ilə
müttəfiqlik münasibətlərindən, Avropa İttifaqı ilə əməkdaşlığın yeni mərhələyə
keçməsindən, ABŞ-la strateji tərəfdaşlığın genişlənməsindən, Mərkəzi Asiya
ölkələri ilə əlaqələrin dərinləşməsindən və İslam dünyasında həmrəyliyin
vacibliyindən bəhs etdi. Bu yanaşma göstərir ki, Azərbaycan beynəlxalq
münasibətlərdə çoxtərəfli əməkdaşlıq və qarşılıqlı faydaya əsaslanan siyasəti
prioritet hesab edir.
Prezident həmçinin rəqəmsal transformasiya və
süni intellekti ölkənin gələcək inkişaf strategiyasının mühüm istiqaməti kimi
təqdim etdi. Süni intellekt sahəsində milli strategiyanın qəbul edilməsi və bu
istiqamətdə institusional mexanizmlərin yaradılması Azərbaycanın iqtisadiyyatın
şaxələndirilməsi və innovasiya əsaslı inkişaf modelinə keçid niyyətini göstərən
mühüm mesajlardan biri idi. Bu da təbii ki, Azərbaycanın gələcəyini yalnız
enerji resursları üzərində deyil, bilik, texnologiya və innovasiya üzərində
qurmaq istəyini diqqətə çatdırdı.
Çıxış boyunca diqqət çəkən digər əsas xətt isə
sülh gündəliyi oldu. Prezident həm Cənubi Qafqaz, həm də Yaxın Şərqdəki
proseslərə toxunaraq vurğuladı ki, davamlı inkişafın əsas şərti beynəlxalq
hüquqa əsaslanan ədalətli və dayanıqlı sülhdür. Bu yanaşma forumun əsas mövzusu
– "Medianın sülhün təşviqində missiyası: Həqiqətin bərpası və etimadın
yenidən qurulması" – ilə də tam uzlaşır. Bu gün Azərbaycan təkcə regional
təhlükəsizlik məsələlərinin iştirakçısı deyil, həm də dialoqu və qarşılıqlı
etimadı təşviq edən ölkə kimi qiymətləndirilir.
Ümumilikdə, Prezident İlham Əliyevin çıxışı
Azərbaycanın xarici siyasətində yeni mərhələnin konturlarını nümayiş etdirdi.
Əsas mesaj ondan ibarət idi ki, ölkəmiz postmünaqişə dövrünü yeni inkişaf
mərhələsinə çevirib, regional sabitlik, enerji və nəqliyyat təhlükəsizliyi,
rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq sahələrində daha fəal rol
oynamağa hazırdır. Bu baxımdan, Şuşa Qlobal Media Forumu yalnız media
nümayəndələrinin görüşü deyil, həm də Azərbaycanın beynəlxalq mövqeyini,
prioritetlərini və gələcəyə baxışını beynəlxalq ictimaiyyətə təqdim edən mühüm
platforma kimi çıxış edir.
Pərvanə Vəliyeva
Milli
Məclisin deputatı