logo
logo logo
logo

Masallıda fermerlərlə müşavirə keçirildi - FOTOLAR

17:29 - 29 İyul 2026

Masallıda fermerlərlə müşavirə keçirildi - FOTOLAR

29 iyul 2026-cı il tarixində Masallı rayonunun Təzə Alvadı kəndində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Kartof və taxıl yığımının yekunu, növbəti əkin üçün qarşıda duran vəzifələr" mövzusunda rayon müşavirəsi keçirilib.


Müşavirədə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, aparatın məsul əməkdaşları, aidiyyəti dövlət qurumlarının rəhbərləri, xüsusi mülkiyyətçi olan şəhid ailələrinin üzvləri, sahibkarlar, fermerlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın ölkənin aqrar sektorunun inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, Dövlət Proqramının hədəfləri, prioritet istiqamətləri və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə respublikanın bütün bölgələrində, o cümlədən 16 iyun 2026-cı il tarixində Lənkəran şəhərində geniş tərkibli müşavirə keçirilib.

Rayon rəhbəri dövlət başçısının kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğının aqrar sahədə əldə olunan uğurların əsasını təşkil etdiyini vurğulayaraq, Masallıda da bu istiqamətdə mühüm nəticələrin əldə olunduğunu bildirib. Eyni zamanda mövcud çətinliklərin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.

Masallı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev məruzəsində qeyd edib ki, ölkədə regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş dövlət proqramları kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafına, kənd əhalisinin rifahının yüksəldilməsinə və məşğulluğun artırılmasına mühüm töhfə verir. O bildirib ki, yeni Dövlət Proqramının əsas məqsədi aqrar sahənin dayanıqlı və rəqabətqabiliyyətli inkişafını təmin etməklə ərzaq təhlükəsizliyinin gücləndirilməsi, daxili istehsalın, məhsuldarlığın və ixrac potensialının artırılması, həmçinin balıqçılıq və akvakultura sahələrinin inkişafına nail olmaqdır.

Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Akif Həmidov çıxışında cari ildə əkin sahələrinin suvarma suyu ilə təminatında heç bir problem yaşanmadığını bildirib. Qeyd olunub ki, Viləşçay Su Anbarının ikinci növbəsinin tikintisi başa çatdıqdan sonra rayonda su ehtiyatları iki dəfədən çox artacaq ki, bu da gələcəkdə əkin sahələrinin su təminatının daha da yaxşılaşdırılmasına imkan verəcək.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi, daxili xidmət mayoru Səməd Bağırov bildirib ki, aparılan maarifləndirmə tədbirləri və yerli icra strukturları ilə səmərəli əməkdaşlıq nəticəsində cari ildə yanğın hadisələrinin sayı ötən illə müqayisədə 81% azalıb, meşə yanğınları isə ümumiyyətlə qeydə alınmayıb.

"Aqrolizinq" ASC-nin Masallı–Yardımlı rayon bölməsinin rəhbəri Hikmət Xəlilov taxıl biçini mövsümünə hazırlıq tədbirlərindən danışaraq bildirib ki, kombaynların vaxtında təmir və sazlanması, yanacaq, sürtkü materialları, ehtiyat hissələri və yanğınsöndürmə vasitələri ilə təmin edilməsi nəticəsində rayon üzrə taxıl yığımı təhlükəsizlik qaydalarına tam əməl olunmaqla, itkisiz və vaxtında başa çatdırılıb. 

Müşavirədə çıxış edən Təzə Alvadı kəndindən kartofçu fermer Arif Bağırov, Qədirli kəndindən taxılçı fermer Nurulla Şükürov və digər fermerlər rayonda aqrar sahənin inkişafı üçün yaradılan şəraiti yüksək qiymətləndirərək, kənd təsərrüfatına göstərilən dövlət dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, aidiyyəti dövlət qurumlarına və Masallı Rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirə yekun vuran Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirib ki, rayonda kənd təsərrüfatının daha da inkişaf etdirilməsi, məhsuldarlığın artırılması və fermerlərin fəaliyyətinin dəstəklənməsi istiqamətində tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək, mövsüm ərzində yaranmış problemlər və qaldırılan məsələlər bağlı aidiyyatı üzrə müraciətlərin ediləcəyi bildirilmişdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az