logo
logo logo
logo

"Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin möhkəm dayağıdır "

16:28 - 31 İyul 2026

\"Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin möhkəm dayağıdır \"

Hər bir xalqın milli varlığını, tarixini və mənəvi dəyərlərini yaşadan əsas amillərdən biri onun ana dilidir. Azərbaycan dili əsrlər boyu xalqımızın milli kimliyini, mədəniyyətini və dövlətçilik ənənələrini qoruyub saxlamış, bu gün isə müstəqil Azərbaycanın dövlət dili kimi ölkəmizin inkişafında mühüm rol oynayır. Məhz buna görə də hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunur.


Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin qorunmasını və inkişafını milli siyasətin prioritet istiqamətlərindən biri hesab edirdi. Onun təşəbbüsü və qətiyyətli mövqeyi nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması milli tariximizin ən mühüm hadisələrindən biri oldu. O dövrdə milli dillərin sıxışdırıldığı mürəkkəb siyasi şəraitdə belə bir addımın atılması böyük siyasi iradənin və uzaqgörənliyin göstəricisi idi.

Müstəqillik illərində də Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması təsbit edildi. 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalandı, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Elə həmin il imzalanan digər Fərmanla hər il avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili Günü elan edildi. Sonrakı dövrdə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun, Azərbaycan dilinin orfoqrafiya normalarının təsdiqi, eləcə də dövlət proqramları və digər normativ aktlar ana dilimizin qorunması və inkişafı istiqamətində mühüm hüquqi baza formalaşdırdı.

Prezident İlham Əliyev də Azərbaycan dilinin saflığının qorunmasını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən etdi. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, Azərbaycan dili zəngin söz ehtiyatına malikdir və onun inkişafı, yad təsirlərdən qorunması hər bir vətəndaşın borcudur. Son illərdə imzalanan fərman və sərəncamlar, latın qrafikalı nəşrlərin genişləndirilməsi, elektron məkanda Azərbaycan dilinin tətbiqinin artırılması, dövlət dilinin normalarına nəzarətin gücləndirilməsi bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətin bariz nümunəsidir.

Qloballaşma dövründə informasiya texnologiyalarının sürətli inkişafı və xarici dillərin təsirlərinin geniş yayılması ana dilimizin saflığının qorunmasını daha da aktuallaşdırır. Xüsusilə media, sosial şəbəkələr və ictimai kommunikasiya mühitində Azərbaycan dilinin normalarına riayət olunması milli-mənəvi dəyərlərimizin qorunmasının ayrılmaz hissəsidir. Ana dilinə hörmət yalnız dil qaydalarına əməl etmək deyil, həm də milli kimliyə, dövlətçiliyə və tarixi irsə sədaqətin ifadəsidir.

Ümummilli Lider Heydər Əliyevin “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” fikri bu gün də öz aktuallığını qoruyur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dilinin qorunması hər bir vətəndaşın borcudur. Bu məsuliyyət yalnız dövlət qurumlarının deyil, alimlərin, müəllimlərin, jurnalistlərin, ziyalıların, valideynlərin və xüsusilə gənc nəslin üzərinə düşür. Ana dilimizin zənginliyini qorumaq, onu düzgün öyrənmək və gələcək nəsillərə saf şəkildə çatdırmaq milli borcumuzdur.

Azərbaycan dili xalqımızın milli ruhunu, tarixi yaddaşını və dövlətçilik ənənələrini yaşadan əvəzsiz mənəvi sərvətdir. Bu dəyərin qorunması və inkişaf etdirilməsi müstəqil Azərbaycanın gələcək inkişafı, milli birliyimizin möhkəmlənməsi və mənəvi irsimizin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan əlifbası və Azərbaycan dili Günü münasibətilə ana dilimizə göstərilən ehtiram hər bir vətəndaşın milli məsuliyyətinin və Vətənə bağlılığının ən gözəl təzahürüdür.


Vasif Qafarov,

Milli Məclisin deputatı, Tarix elmləri doktoru


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az