logo
logo logo
logo

Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ - Strateji tərəfdaşlıqdan müttəfiqliyə

16:14 - 01 Avqust 2026

Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ - Strateji tərəfdaşlıqdan müttəfiqliyə

İyulun 31-də imzalanan sənədlər, xüsusilə “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”, iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldiyini göstərir. Bu, təkcə siyasi iradənin ifadəsi deyil, həm də müxtəlif sahələrdə uzunmüddətli və koordinasiyalı əməkdaşlığın hüquqi əsaslarının möhkəmləndirilməsi deməkdir.

 

Müttəfiqlik münasibətləri tərəflərin beynəlxalq və regional məsələlər üzrə siyasi dialoqunu daha da intensivləşdirəcək, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat və humanitar sahələrdə əlaqələrin sistemli şəkildə inkişafına imkan verəcək. Dövlətlərarası Şuranın üçüncü iclasının qərarı da bu əməkdaşlığın institusional mexanizmlər vasitəsilə davamlı şəkildə idarə olunacağını göstərir.

Bu sənədlər həm də Azərbaycanın Mərkəzi Asiya siyasətində, Qırğızıstanın isə Cənubi Qafqaz istiqamətində etibarlı tərəfdaşlıq modelinin formalaşdığını nümayiş etdirir.

Azərbaycan və Qırğızıstan arasında münasibətlərin inkişafı təkcə ikitərəfli əməkdaşlıq baxımından deyil, bütövlükdə Türk dünyasının iqtisadi inteqrasiyası baxımından da strateji əhəmiyyət daşıyır.

İqtisadi baxımdan yeni sənədlər Azərbaycan–Qırğız İnkişaf Fondunun fəaliyyətinin genişləndirilməsini, qarşılıqlı investisiyaların artırılmasını və yeni biznes layihələrinin maliyyələşdirilməsini təşviq edəcək. Fondun kapitalının artırılması barədə əlavə saziş tərəflərin uzunmüddətli investisiya əməkdaşlığına verdiyi önəmi göstərir.

Geosiyasi baxımdan isə Azərbaycan Xəzər hövzəsi və Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışında mühüm tranzit mərkəzi rolunu gücləndirir. Qırğızıstan isə Çin və Mərkəzi Asiya bazarlarına çıxış imkanlarını genişləndirən etibarlı tərəfdaş kimi çıxış edir. Bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi inteqrasiyanın dərinləşməsinə, regional əlaqələrin möhkəmlənməsinə və Orta Dəhlizin beynəlxalq yükdaşımalarda rolunun artmasına xidmət edir.

Azərbaycan və Qırğızıstan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın ən fəal iştirakçılarındandır. İmzalanmış yeni sənədlər göstərir ki, tərəflər əməkdaşlığı yalnız siyasi dialoqla məhdudlaşdırmır, onu iqtisadi, texnoloji və humanitar sahələrdə də dərinləşdirirlər.

Şuşa–Çolpon-Ata, Qəbələ–Karakol və Gəncə–Oş şəhərləri arasında qardaşlaşma memorandumlarının imzalanması, həmçinin “AzerGold” ilə “Kyrgyzaltyn” arasında əməkdaşlıq memorandumu göstərir ki, münasibətlər artıq təkcə dövlətlərarası deyil, həm də regionlar, bələdiyyələr və biznes strukturları arasında çoxşaxəli tərəfdaşlıq modelinə çevrilir.

Bütövlükdə, imzalanan strateji sənədlər Azərbaycan–Qırğızıstan münasibətlərini siyasi dialoq mərhələsindən çıxararaq müttəfiqlik, iqtisadi inteqrasiya və institusional əməkdaşlıq mərhələsinə yüksəldir. Bu isə həm ikitərəfli əlaqələrin, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha dərin və praktik məzmun qazanmasına xidmət edəcək.

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az