logo
logo logo
logo

"Naxçıvan regionun mühüm nəqliyyat və iqtisadi qovşağına çevrilir"

15:59 - 12 Avqust 2026

\"Naxçıvan regionun mühüm nəqliyyat və iqtisadi qovşağına çevrilir\"

"Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri muxtar respublikanın sosial-iqtisadi simasını tamamilə dəyişəcək və onu regionun ən müasir mərkəzlərindən birinə çevirəcək yeni bir mərhələnin başlanğıcıdır. Səfər çərçivəsində Dövlət Başçımız tərəfindən səsləndirilən fikirlər və təməli qoyulan layihələr Naxçıvanın strateji gələcəyini müəyyən edir". 


Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Manset.az-a açıqlamasında deyib. O, qeyd edib ki, İran, Türkiyə və Ermənistanla sərhədi olan Naxçıvanın Azərbaycanın ümumi geosiyasi və milli təhlükəsizlik sistemindəki strateji əhəmiyyəti daim xüsusi diqqətdə saxlanılıb:

"Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu siyasət davam etdirilib və muxtar respublikanın infrastrukturunun yenilənməsi, nəqliyyat imkanlarının artırılması, sosial obyektlərin yaradılması və iqtisadi potensialının gücləndirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilib.

Prezident İlham Əliyev azad edilmiş ərazilərdə (Qarabağ və Şərqi Zəngəzur) tətbiq edilən müasir şəhərsalma təcrübəsinin Naxçıvanda da reallaşdırılması üçün konkret göstəriş vermişdir.

Dövlət başçısı işğaldan azad edilmiş bütün ərazilərdə şəhərlərin baş planlarının təsdiqləndiyini xatırladaraq, Naxçıvan şəhərinin də Baş planının hazırlanması barədə tapşırıq verdiyini açıqlayıb. Bu plan çərçivəsində şəhərdə müasir infrastrukturun yaradılması üçün əlavə tədbirlər görüləcək.

Nəqliyyatın modernləşdirilməsi də prioritet sahələrdən biridir. Naxçıvan şəhərində ekoloji təmiz nəqliyyata keçid formalaşdırılır. Şəhərdə köhnə avtobuslar tamamilə sıradan çıxarılıb və yeni elektrik avtobusları xəttə buraxılıb. Həmçinin, rayonlararası nəqliyyatın yaxşılaşdırılması üçün 217 yeni müasir avtobusun alınması nəzərdə tutulur. Naxçıvan, həm də Azərbaycanın yaşıl enerji zonalarından biridir. Elektrik avtobuslarından və günəş enerjisindən istifadənin genişləndirilməsi ilə Naxçıvanın 2050-ci ilədək xalis sıfır karbonlu əraziyə çevrilmək potensialı var və bu istiqamətdə artıq öhdəliklər götürülüb.

Şəhərin mərkəzində yeni beşulduzlu mehmanxananın təməli qoyulub ki, bu da bölgənin zəngin turizm potensialının reallaşdırılmasına xidmət edəcək. Eyni zamanda, uşaq bağçalarının tikintisi və təmiri kimi sosial məsələlərin həlli də plana daxildir".

Deputat bildirib ki, Cənab Prezidentin sayca 17-ci olan bu səfəri bir neçə mühüm strateji hədəfə yönəlib:

"Naxçıvan artıq Qarabağ və Şərqi Zəngəzurla birlikdə vahid inkişaf konsepsiyası əsasında idarə olunur. Bu, həm inzibati islahatları, Prezidentin xüsusi nümayəndəliyi institutu, həm də iqtisadi planlaşdırmanı əhatə edir.

Sumqayıtdan sonra ölkədə ikinci ən böyük sənaye parkı olacaq Naxçıvan Sənaye Parkının və burada 300 meqavatlıq istilik elektrik stansiyasının təməlinin qoyulması muxtar respublikanı ixracatçı regiona çevirir.

Naxçıvanın Yaşıl enerji zonası elan edilməsi və burada 500-1000 meqavat günəş enerjisi potensialından  geniş istifadə edilməsi hədəflənir. Bu isə regionda Azərbaycanı bu sahədə lider edir.

Naxçıvan artıq yalnız Azərbaycanın ayrılmaz hissəsi olan strateji bir ərazi kimi deyil, regionun yeni nəqliyyat və iqtisadi arxitekturasının mühüm qovşaqlarından birinə çevrilir. 8 avqust Vaşinqton razılaşmalarından sonra Naxçıvan nəhayət ki, Zəngəzur dəhlizinin tam fəaliyyətə başlaması ilə avtomobil yolu, dəmir yolu və digər bağlantılarla Azərbaycanın digər ərazilərinə birləşəcək. Bu, yalnız Azərbaycanla Naxçıvan arasında maneəsiz və çoxmodallı bağlantının təmin edilməsi demək deyil. Naxçıvan, eyni zamanda, Avropanı Asiya ilə birləşdirən Orta Dəhlizin əsas həlqələrindən birinə çevriləcək. Bu yolların ətrafında iqtisadi fəallıq, yeni iş yerləri, turizm, ticarət, mədəni mübadilə və insanların rifahı artacaqdır.

Marşrutun Türkiyə ilə birləşdirilməsi regional və qlobal miqyasda böyük əhəmiyyətə malikdir. Mərkəzi Asiyadan Transxəzər marşrutu vasitəsilə Türkiyəyə və oradan Avropaya uzanan bu xətt ticarətdə fasiləsiz nəqliyyat bağlantısının yaradacaq və Şərq-Qərb, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizləri boyunca yerləşən tranzit ölkələr üçün əhəmiyyətli faydalar yaradacaq.

Prezidentin qeyd etdiyi kimi, Naxçıvanda həyata keçirilən bütün bu layihələrin təməlində milli kimlik, milli ruh və insanların firavan yaşayışı dayanır".

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az