Azərbaycan
artıq Mərkəzi Asiya ilə münasibətlərini yalnız ikitərəfli əlaqələr çərçivəsində
deyil, Cənubi Qafqaz–Mərkəzi Asiya əlaqələndirilməsi, Orta Dəhliz, enerji
bağlantıları və Türk dünyasının inteqrasiyası kontekstində qurur. Xüsusilə
“C5-dən C6-ya keçid” Azərbaycanın regional rolunun yeni mərhələsini göstərir.
Bu yanaşma
Azərbaycanın xarici siyasətində yeni regional baxışın formalaşdığını göstərir:
Cənubi Qafqaz və Mərkəzi Asiya bir-birindən ayrı geosiyasi məkanlar deyil,
getdikcə daha sıx inteqrasiya olunan vahid iqtisadi və nəqliyyat məkanı kimi
çıxış edir.
Azərbaycan
və Özbəkistan arasında münasibətlər son illərdə dinamik şəkildə inkişaf edərək
strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Bu yaxınlaşma yalnız
dövlətlərarası münasibətlərlə məhdudlaşmır, xalqlar arasında tarixi, mədəni və
mənəvi bağların daha da möhkəmlənməsi ilə müşayiət olunur.
İki ölkə
arasında iqtisadi əlaqələrin genişlənməsi münasibətlərin mühüm istiqamətlərindən
biridir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin əvvəlki
illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması iqtisadi
potensialın nə qədər böyük olduğunu göstərir. 2026-cı ilin ilk beş ayında da
ticarət dövriyyəsində 33 faizlik artımın qeydə alınması əməkdaşlığın yüksələn xətt
üzrə davam etdiyini göstərir.
İnvestisiyaların
qarşılıqlı şəkildə artırılması, birgə müəssisələrin yaradılması və müxtəlif sahələrdə
yeni layihələrin həyata keçirilməsi iki ölkənin iqtisadi münasibətlərini daha
da şaxələndirir. Bu baxımdan Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq
yalnız ticarət dövriyyəsinin artırılmasına deyil, həm də istehsal və
investisiya zəncirlərinin formalaşdırılmasına xidmət edir.
Azərbaycan–Özbəkistan
əməkdaşlığının mühüm istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir.
Azərbaycanın Şərqlə Qərbi birləşdirən Orta Dəhlizdə mühüm mövqeyə malik olması,
Özbəkistanın isə Mərkəzi Asiyanın nəqliyyat və iqtisadi potensialı ilə çıxış
etməsi iki ölkəni daha geniş regional bağlantıların əsas iştirakçılarına
çevirir.
Çin–Qırğızıstan–Özbəkistan
dəmir yolunun Orta Dəhlizlə inteqrasiyası regionun nəqliyyat xəritəsində mühüm
dəyişiklik yarada bilər.
Azərbaycan–Qazaxıstan–Özbəkistan
arasında yaradılan “Yaşıl Dəhliz” təşəbbüsü Mərkəzi Asiyada istehsal olunan bərpaolunan
enerjinin Avropa bazarlarına çıxarılması baxımından strateji əhəmiyyət daşıyır.
Xəzər dənizinin dibi ilə enerji bağlantılarının yaradılması perspektivi isə bu əməkdaşlığın
uzunmüddətli geoiqtisadi əhəmiyyətini daha da artırır.
İki ölkə
TDT-ni yalnız iqtisadi və siyasi əməkdaşlıq platforması kimi deyil, ortaq
tarix, dil, mədəniyyət və mənəvi dəyərləri gələcəyə daşıyan mühüm birlik kimi
qiymətləndirir.
Bu
baxımdan Azərbaycan–Özbəkistan münasibətləri Türk dünyasının inteqrasiyası üçün
nümunəvi model formalaşdırır.
Qeyri-hökumət
təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi də xüsusi əhəmiyyət
daşıyır. 2026-cı ildə Azərbaycan və Özbəkistanın QHT-lər üçün birgə qrant
müsabiqəsi elan etməsi vətəndaş cəmiyyətlərinin də ikitərəfli münasibətlərin
inkişafında daha fəal rol almağa başladığını göstərir.
Beləliklə, Azərbaycan–Özbəkistan münasibətləri həm də Şərqlə Qərb arasında yeni bağlantılar yaradan və Türk dünyasının iqtisadi və siyasi potensialını gücləndirən daha geniş regional prosesin mühüm hissəsinə çevrilir.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı