Azərbaycan–Kamboca
münasibətlərində qarşıdakı dövr üçün ən böyük potensial məhz iqtisadi əməkdaşlıqla
bağlıdır. Ticarət və investisiya əməkdaşlığının praktiki aspektləri ilə məşğul
olacaq birgə işçi qrupunun yaradılması bu istiqamətdə konkret mexanizmin
formalaşdırılması baxımından mühüm addımdır. Eyni zamanda, Azərbaycan və
Kamboca şirkətlərinin iştirakı ilə keçirilən biznes forumlarının əsas məqsədlərindən
biri qarşılıqlı imkanların, investisiya prioritetlərinin və əməkdaşlıq istiqamətlərinin
daha yaxşı öyrənilməsidir. Sənaye sahələrində birgə istehsal müəssisələrinin
yaradılması, turizm və təhsil əməkdaşlığının genişləndirilməsi də iki ölkənin
iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün perspektivli istiqamətlərdir.
Azərbaycanın
son illərdə formalaşdırdığı innovativ dövlət idarəçiliyi təcrübəsi də ikitərəfli
əməkdaşlığın yeni istiqamətlərindən biridir. Xüsusilə “ASAN xidmət” modeli
Kambocanın maraq göstərdiyi sahələrdən biridir. “ASAN xidmət” sisteminin səmərəliliyini
sübut etmiş və Azərbaycan cəmiyyətində yüksək müsbət qiymətləndirmə qazanmış
model kimi digər ölkələrdə də maraq doğurması Azərbaycanın institusional təcrübəsinin
beynəlxalq səviyyədə paylaşılması baxımından əhəmiyyətlidir.
Azərbaycan–Kamboca
münasibətlərinin mühüm istiqamətlərindən biri də parlamentlərarası əməkdaşlıqdır.
Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərməsi
siyasi dialoqun inkişafına əlavə imkan yaradır. Kambocanın dəstəyi ilə Azərbaycanın
ASEAN Parlamentlərarası Assambleyasında (AİPA) müşahidəçi statusu əldə edib.
Bu, Azərbaycanın Cənub-Şərqi Asiyaya və bütövlükdə Asiya məkanına artan
marağının göstəricilərindən biridir.
Bu əməkdaşlıq
Azərbaycanın Asiya ölkələri ilə əlaqələrini yalnız ikitərəfli münasibətlər çərçivəsində
deyil, həm də regional və parlament diplomatiyası müstəvisində genişləndirməsinə
imkan verir.
İki
ölkə arasında əməkdaşlığın xüsusi istiqamətlərindən biri mina təhlükəsi ilə
mübarizədir. Həm Azərbaycan, həm də Kamboca mina probleminin ağır nəticələrindən
əziyyət çəkmiş ölkələrdir. Buna görə də təcrübə və bilik mübadiləsi, mütəxəssislərin
hazırlanması və praktiki təlimlərin keçirilməsi bu sahədə mühüm əməkdaşlıq
imkanları yaradır.
Azərbaycan
və Kambocanı yaxınlaşdıran digər mühüm məqam sülh və təhlükəsizliyə yanaşmadır.
Hər iki ölkə sülhü və təhlükəsizliyi davamlı inkişafın əsas şərtlərindən biri
hesab edir. Bu yanaşmanın təməlində beynəlxalq hüquq, dövlətlərin suverenliyi və
ərazi bütövlüyünə hörmət dayanır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində
həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri, “Böyük Qayıdış”
proqramının icrası ölkənin postmünaqişə inkişaf gündəliyinin əsas istiqamətlərindəndir.
Artıq həmin ərazilərdə insanların yaşaması və çalışması bu prosesin praktik nəticələrinin
formalaşdığını göstərir. Bu təcrübə də Azərbaycanla Kamboca arasında qarşılıqlı
maraq doğuran mövzulardan biri ola bilər.
Azərbaycan–Kamboca
münasibətləri bu gün yeni mərhələyə qədəm qoyur. Mövcud siyasi dialoq və beynəlxalq
təşkilatlar çərçivəsində qarşılıqlı dəstək münasibətlərin möhkəm təməlini
formalaşdırır. Qarşıdakı mərhələdə isə əsas məsələ bu siyasi əlaqələri ticarətə,
investisiyaya, təhsilə, turizmə, nəqliyyata, rəqəmsal transformasiyaya və
humanitar əməkdaşlığa çevirməkdir.
Əslində,
Azərbaycan və Kamboca arasında məsafə böyük olsa da, Prezident İlham Əliyevin də
qeyd etdiyi kimi, münasibətlərin inkişafı üçün imkanlar çoxdur. İndi əsas vəzifə
bu imkanları konkret layihələrə və nəticələrə çevirməkdir.
Azərbaycan–Kamboca münasibətlərinin gələcəyi yalnız diplomatik əlaqələrin inkişafında deyil, iki ölkənin xalqlarını və iqtisadiyyatlarını daha sıx birləşdirən real əməkdaşlıq körpülərinin qurulmasındadır.
Pərvanə
Vəliyeva
MM
üzvü