Biliyimizin Memarları

14:12 - 05 Oktyabr 2025

Biliyimizin Memarları

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə


Hər il 5 oktyabr tarixində dünyanın müxtəlif ölkələrində Beynəlxalq Müəllimlər Günü qeyd olunur. Bu əlamətdar gün 1966-cı ildə UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə qərarı ilə təsis olunub və həmin ildən etibarən müəllimlərin cəmiyyətdəki rolu, statusu və təhsildəki əvəzsiz xidmətləri xüsusi olaraq vurğulanır. Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd edilir və dövlət səviyyəsində daim diqqət mərkəzində saxlanılır.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev müəllim əməyinə verdiyi yüksək dəyəri bu sözlərlə ifadə etmişdir:

"Mən yer üzündə müəllimdən böyük ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir."

Müəllim – sadəcə bilik ötürən deyil, həm də şəxsiyyət formalaşdırandır. O, uşağın düşüncəsinə ilk toxunan, onun gələcəyini istiqamətləndirən, cəmiyyətin təməlini qoyan insandır. Yüzlərlə insanın həyat yoluna işıq tutan müəllimlər – əsl fədakar zəhmət sahibləridir.

Müəllimlik – Peşədən Daha Artıq

Müəllimlik bir peşə deyil, həyat tərzidir. Savadlı müəllim – savadlı mühəndis, həkim, hüquqşünas, hərbçi, elm adamı deməkdir. Cəmiyyətin tərəqqisinin, maariflənməsinin və inkişafının əsasında da məhz müəllim dayanır.

Bu gün cəmiyyətdə uğur qazanan, yüksək mövqe tutan hər bir insanın uğur tarixçəsində bir müəllim imzası var. Təkcə fənn biliklərini deyil, həyat dərslərini də verən müəllimlər, şagirdlərin tərbiyəsində valideyndən sonra ikinci əsas dayağa çevrilirlər.

"Birdən müəllimin gözündən düşərəm..."

Bir neçə il əvvəl tanışım öz övladının liseyə qəbul olmasından danışarkən dediyi sözlər yaddaşımdan silinmir:

"Qızım, uşaq deyir ki, ana, müəllim bizə elə yanaşır, elə gözəl dərs keçir ki, onun dərsində səs salmağa, nadinclik etməyə utanıram. Qorxudan yox... müəllimə olan sevgimdən utanıram. Birdən onun gözündən düşərəm axı..."

Bu cümlə bir müəllimin şagirdin qəlbində necə iz buraxdığını ən gözəl şəkildə ifadə edir. Bu, müəllim peşəsinin cəmiyyətin mənəvi dəyərləri üzərində necə böyük təsirə sahib olduğunun canlı sübutudur.

Yeganə Peşə Sahibləridir ki, Özlərini də Özləri Yetişdirirlər

Müəllim – öz həmkarlarını da yetişdirən yeganə peşə sahibidir. Bu, həm qürurverici, həm də məsuliyyətli bir missiyadır. Onların səbr, zəhmət, mərhəmət və biliklə yoğrulmuş işi təkcə məktəb divarları ilə məhdudlaşmır – bütün bir millətin gələcəyini formalaşdırır.

Bu gün müəllimlərimizə təkcə dərs dedikləri üçün deyil, həm də gələcəyimizə verdikləri töhfələr üçün minnətdarıq. Onlar yalnız fənn öyrətmir, həm də insan yetişdirirlər.

Təbrik Edirik!

Bu əlamətdar gündə bütün müəllimləri səmimi-qəlbdən təbrik edir, onlara sağlamlıq, dözüm, ilham və uğurlar arzulayırıq.

Unutmayaq: biliyimizin memarları olan müəllimlər, işıqlı gələcəyimizin də qurucularıdır.

Gününüz mübarək, əziz müəllimlər!


Elza İbadova

Dövlət qulluqçusu, filoloq


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az