Bakıda fəaliyyət göstərən bir neçə notariusun fəaliyyəti hazırda dayandırılıb. Fəaliyyətin dayandırılmasına səbəb həmin notariusların şəhadətnamə müddətinin başa çatmasıdır.
Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyindən cavab olaraq bildirilib ki, "Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, xüsusi notariuslara notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə beş il müddətinə verilir.
Həmin müddət bitdikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən notariusun fəaliyyəti qiymətləndirilir və fəaliyyəti müsbət qiymətləndirilmiş notariusun şəhadətnaməsinin müddəti daha beş ilə uzadılır, şəhadətnaməsinin müddəti uzadılmayan şəxslərin xüsusi notarius kimi fəaliyyətinə xitam verilir.Hazırda notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün Ədliyyə Nazirliyi tərəfindən müsabiqə elan edilib. Müsabiqənin sənəd qəbulu mərhələsi yekunlaşıb. Müsabiqənin növbəti mərhələləri - test imtahanı, müsahibə və icbari təlimdən ibarətdir.
Müsabiqə yekunlaşdıqdan sonra hazırda fəaliyyət göstərməyən notariat ofislərinə notariusların təyinatının həyata keçirilməsi və notariat ofislərinin fəaliyyətinin bərpa edilməsi məsələsinə baxılacaqdır.