Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi, Elm və Təhsil İşçiləri Həmkarlar
İttifaqı Respublika Komitəsi (ETİHİRK), Azərbaycan Həmkarlar İttifaqları İdman
Təşkilatları Assosiasiyası və Gənclik Könüllü Tələbə İdman Cəmiyyətinin birgə təşkilatçılığı
ilə ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib.
Manset.az xəbər verir ki, turnirin məqsədi
tələbə idman hərəkatını gücləndirmək, ali təhsil müəssisələri arasında
qarşılıqlı əməkdaşlıq mühiti yaratmaq, gənclərdə strateji düşüncə və komanda
bacarıqlarını inkişaf etdirmək, Zəfər Günü münasibətilə milli qürur və vətənpərvərlik
ruhunu möhkəmləndirməkdir.
Bakı İdman
Sarayında keçirilən tədbirin açılış mərasimində Dövlət Himni səsləndirilib, şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AHİK-in sədr müavini Musa Mirzəyev, Elm və Təhsil Nazirliyinin şöbə
müdiri Elnur Əliyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov və
digər çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından,
gənclər siyasətinin uğurlu icrasından bəhs edib, bu cür tədbirlərin gənclərin
intellektual inkişafına, komanda bacarıqlarının formalaşmasına önəmli töhfə
verdiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıblar.
Sonra beynəlxalq
dərəcəli hakim Fikrət Sideifzadə iştirakçıları
turnirin qaydaları ilə tanış edib və yarışa start verilib. Yarışda 14 ali təhsil
müəssisəsindən kişi və qadınlar ayrı olmaqla ümumilikdə 28 komanda iştirak
edib. Turnir Rapid şahmat qaydalarına əsasən, İsveçrə sistemi üzrə 7 turda
keçirilib.
Yarışın nəticələrinə
əsasən, qadınlar arasında I yeri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,
II yeri Azərbaycan Dillər Universiteti, III yeri isə Azərbaycan Memarlıq və
İnşaat Universitetinin komandaları tutub. Kişilər arasında isə I yeri Azərbaycan
Memarlıq və İnşaat Universiteti, II yeri Bakı Ali Neft Məktəbi, III yeri Bakı
Dövlət Universitetinin komandaları qazanıb.
Qalib
komandalar kubok, medal, fəxri fərmanla təltif olunub, hədiyyələr verilib.