ABŞ-ın 44-cü prezidenti Barak Obama kainatda tək olmadığımıza inandığını, lakin məşhur konspirasiya nəzəriyyələrinin həqiqəti əks etdirmədiyini bəyan edib.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, Obama prezidentliyi dövründə bu məsələ ilə şəxsən maraqlandığını gizlətməyib.
"Prezident olanda ilk bunu soruşdum"
Obama zarafatla bildirib ki, 2009-cu ildə Ağ Evə gələndə verdiyi ilk suallardan biri "yaşıl adamcıqlar"ın harada saxlanılması ilə bağlı olub:
"Prezident olanda soruşdum ki, haradasa yadplanetlilərin cəsədlərini və kosmik gəmilərini saxladığımız laboratoriya varmı? Bir az araşdırdılar və cavab "xeyr" oldu".
"Zona 51" əfsanəsi və "Böyük qəsd"
Nevadadakı gizli hərbi bazada yadplanetli texnologiyalarının saxlanılması barədə iddialara toxunan Obama belə deyib:
Gizli baza yoxdur: "Onlar mövcuddur, amma mən onları görməmişəm. "Zona 51"-də heç bir yeraltı kompleks və ya yadplanetli yoxdur. Əgər ortada çox böyük bir qəsd yoxdursa və bunu hətta ABŞ prezidentindən belə gizlətməyiblərsə, orada heç nə yoxdur".
"UAP" (UFO) reallığı: "Gördüklərimizi izah edə bilmirik"
Zarafatları bir kənara qoyan Obama, ABŞ ordusunun qeydə aldığı naməlum uçan obyektlərin (UAP) ciddi məsələ olduğunu təsdiqləyib:
"Ciddi deyirəm: Səmada elə obyektlərin görüntüləri və qeydləri var ki, biz onların tam olaraq nə olduğunu bilmirik. Onların necə hərəkət etdiyini, trayektoriyalarını izah edə bilmirik. Bu, hələ də öyrənilən bir mövzudur".