Noyabrın 11-də Qazax Dövlət Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın "Bir, iki- bizimki!" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib. Teatrın direktoru, rejissor Allahverdi Musayevin quruluş verdiyi səhnə əsəri insan münasibətlərinin incə psixoloji qatlarını, axtarış və anlaşma arasındakı ziddiyyətləri əks etdirir.
Səhnə əsəri iki fərqli dünya insanının söhbəti, bir-birinə
təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, əsəbi, mübahisəsi, yenə də
qovuşmaq arzuları üzərində qurulub. Onların dialoqu kişinin xarakteri, kimliyi
haqqında geniş düşüncələr yaradır. Bu iki nəfər bir-birini eşitmək istəyir,
amma eşitmir, görmək istəyir, amma görmür, duymaq istəyir, amma duymur. Bütün
ömürlərini öz ağuşuna alan faciə də məhz budur: bir-birini sevən, bir-birinə
can atan insanların bir-birinin dünyalarındakı ayrılıq. Elə birinin ölü, o
birinin diri olması da simvolikdir.
Müəllif
Kamal Abdulla pyesi 5 şəkildən ibarət, bir-birini anlamaq istəyən və anlamayan,
tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı kimi təqdim edir.
Rəssamı
Aysan Omarova, musiqi tərtibatçısı Allahverdi Musayev, rejissor assistenti
Ceyhun Vəlizadə olan tamaşada obrazları əməkdar artist Xəzər Gəncəli, aktyorlar
Rüfət Ömər, Zəmanə Dərviş, Xaqan Qurbanov və Səbinə Yusifova canlandırırlar.
Səhnə
əsəri teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Teatrın
kollektivi adından müəllif üçün hazırlanmış hədiyyə akademik
Muxtar İmanova təqdim edilib.
Qeyd
edək ki, "Bir, iki- bizimki!" Xalq yazıçısı Kamal
Abdullanın dramaturgiya yaradıcılığında xüsusi yerə malikdir. Müəllif bu haqda
müsahibələrinin birində belə deyir:
“Bu
pyesi ilk dəfə bizim görkəmli rejissorumuz Vaqif İbrahimoğlu "YUĞ"
teatrında tamaşaya qoyub. Daha sonra bir çox teatrlar bu pyesə müraciət
etdilər. Eyni zamanda Mədəniyyət və İncəsənət Universitetinin tələbələri -
rejissorluğu bitirən tələbələr bir neçə dəfə bu pyesə müraciət
ediblər. 2018-ci ildə Akademik Milli Dram Teatrında bu pyes əsasında
hazırlanan tamaşanın premyerası keçirildi. İndi isə xarici ölkələrin birində bu
əsəri tamaşaya hazırlayırlar”.