Ötən gün Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı Redaksiyası “Bakı-Xəbər” qəzeti ilə birgə layihə çərçivəsində “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən nəşr olunan növbəti kitabın təqdimat mərasimini keçirib.
Manset.az xəbər verir ki, “Baku Book Center” – Bakı Kitab Mərkəzində baş
tutan tədbirdə Vətən müharibəsi şəhidi, baş leytenant, “Azərbaycan Bayrağı”
ordenli Vüsal Sübbuh oğlu Babayevin həyat və döyüş yoluna həsr olunan “Şəhidlik
and yeridir...” kitabı ictimaiyyətə təqdim edilib. Respublika Xatirə Kitabı
Redaksiyasının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəzakət Məmmədovanın
müəllifi olduğu kitab şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ərsəyə
gətirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət
Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər
Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri aparan tanınmış aparıcı Jalə Həsənli
çıxış edərək bildirib ki, “Şəhidlik and yeridir...” kitabı yalnız bir şəhidin həyat
hekayəsi deyil, bütöv bir qəhrəmanlıq salnaməsidir. O qeyd edib ki, Vüsal
Babayev uşaqlıq illərindən Vətəninə, bayrağına və dövlətinə bağlı bir gənc kimi
yetişib, hərbi xidmətində peşəkarlığı, intizamı və insanlığı ilə seçilib. Xidmət
etdiyi illərdə müxtəlif fəxri fərmanlar, sertifikatlar və mükafatlarla təltif
olunan Vüsal Babayev Vətən müharibəsində göstərdiyi igidlik və fədakarlıqla
adını Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrinə yazdırıb.
Aparıcının çıxışından sonra şəhidin həyat və
döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra söz Bakı Kitab Mərkəzinin rəhbəri,
yazıçı Günel Anarqızına verilib. O çıxışında bildirib ki, Vüsal Babayev və digər
qəhrəmanlarımız həyatlarını Vətən yolunda fəda ediblər və onların xatirəsi heç
vaxt unudulmayacaq.
Azərbaycan Respublikasının əməkdar mədəniyyət
işçisi, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin
müavini, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcid Respublika Xatirə Kitabı Redaksiyasının gördüyü işləri
yüksək qiymətləndirib. O bildirib ki, Nəzakət Məmmədova və rəhbərlik etdiyi
redaksiya şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində böyük əzmlə
çalışır, çoxsaylı kitablar və filmlər ərsəyə gətirir. Rəşad Məcid Vüsal Babayevə
həsr olunan kitabı “çox təsirli və gələcək nəsillər üçün dəyərli yaddaş kitabı”
adlandırıb.
Millət vəkili Ceyhun Məmmədov çıxışında
vurğulayıb ki, Azərbaycan xalqının qazandığı tarixi Zəfərin gələcək nəsillərə
çatdırılmasında bu cür kitabların xüsusi əhəmiyyəti var. O qeyd edib ki, şəhid
ailələrinin mənəvi dəstəyə ehtiyacı var və belə nəşrlər həmin ailələr üçün
böyük təsəlli mənbəyidir.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini Vəzir Səfixanov kitabda şəhidin döyüş və sinif yoldaşlarının,
qonşularının və ailə üzvlərinin xatirələrinin yer aldığını bildirərək nəşri çox
dəyərli toplu kimi qiymətləndirib.
Şəhid Vüsal Babayevin müəlliməsi, Pirallahı
rayon 186 nömrəli tam orta məktəbin müəllimi Əsli müəllimə çıxışında Vüsalın məktəb
illərindən fərqlənən, Vətəninə və dövlət atributlarına bağlı bir şagird
olduğunu bildirib. O qeyd edib ki, Vüsal həm davranışı, həm də savadı ilə müəllimlərinin
və sinif yoldaşlarının rəğbətini qazanıb.
Tədbirdə çıxış edən şəhidin əsgəri Tural
Allahverdiyev Vüsal Babayevi cəsur komandir, əsgərlərinin qayğısına qalan və
bir tikə çörəyini belə onlarla bölüşən zabit kimi xatırladığını deyib. O
bildirib ki, Vüsal Babayev həmişə ön sırada olub və əsgərlərini qoruyub.
Şəhidin həyat yoldaşı Aynur Babayeva çıxışında
Vüsal Babayevin ailəsinə və Vətəninə bağlı bir insan olduğunu bildirib. O qeyd
edib ki, Vüsal hər zaman ailəsinin onunla fəxr edəcəyini deyirdi və bu gün ailəsi
onun qəhrəmanlığı ilə qürur duyur. Aynur Babayeva bildirib ki, Vüsalın xatirəsini
yaşatmaq üçün ən böyük arzularından biri onun haqqında kitab yazdırmaq olub və
bu missiyanı məhz Nəzakət Məmmədovaya etibar edib.
Tədbirdə şəhidin qızı Selcan Babayeva mahnı
ifa edib. Kövrək anların yaşandığı ifa iştirakçılar tərəfindən alqışlarla
qarşılanıb.
Azərbaycanın Xalq şairi, “Şərəf” ordeni
laureatı Vahid Əziz çıxışında “Mənim yaram ağrıyır, sənin haran ağrıyır” el
misalını səsləndirərək bildirib ki, bu gün həmin ağrını şəhidin atası Sübbuh
Babayev, anası Əntiqə xanım, həyat yoldaşı Aynur xanım və övladları Selcan ilə
Rüqəyyə yaşayır.
Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə
doktoru, yazıçı-publisist Zemfira Məhərrəmli çıxışında bildirib ki, şəhidlik hər
insana nəsib olmur və Vüsal Babayev kimi qəhrəmanların həyat yolu daim
yazılmalı, gələcək nəsillərə çatdırılmalıdır. O, kitabın bədii-publisistik
üslubunu, dilini və tərtibatını yüksək qiymətləndirib.
Şair-publisist, ehtiyatda olan zabit Rafael
Tağızadə çıxışında bildirib ki, şəhidlər haqqında danışmaq həm qürurverici, həm
də ağırdır. O vurğulayıb ki, şəhidlər Azərbaycan xalqını məğlub xalq
damğasından xilas ediblər.
Tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət
işçisi, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova
Respublika Xatirə Kitabı Redaksiyasının gördüyü işləri yüksək qiymətləndirərək
bildirib ki, Nəzakət Məmmədovanın şəhidlərin xatirəsinin yaşadılması istiqamətində
gördüyü işlər ölçüyəgəlməzdir.
Tədbirdə bədii qiraət ustası Ülviyyə Əbülfəzqızı
tərəfindən vətənpərvərlik mövzusunda bədii kompozisiya təqdim olunub.
Kitabın müəllifi, Mədəniyyət Nazirliyi
Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova
çıxışında bildirib ki, əsas məqsəd heç kimin unudulmaması, şəhidlərin adlarının
daim yaşadılmasıdır. O qeyd edib ki, Vüsal Babayev haqqında kitabın yazılması
ideyası şəhidin həyat yoldaşı Aynur Babayevanın istəyi ilə ərsəyə gəlib.
Tədbirin təşkilatçısı, tanınmış jurnalist Fuad
Mədətov çıxışında bildirib ki, “Şəhidlər ölməz, Vətən bölünməz” ifadəsi sadəcə
bir şüar deyil, şəhidlərimizin canı və qanı bahasına yazılmış xalq həqiqətidir.
O qeyd edib ki, Vüsal Babayev kimi qəhrəman oğullar məhz öz həyatları bahasına
Azərbaycan xalqına qalibiyyət qüruru yaşadıblar. Fuad Mədətov vurğulayıb ki, bu
gün təqdim olunan kitab yalnız bir şəhidin həyat yolundan deyil, bütöv bir Vətən
sevgisindən və qəhrəmanlıq ruhundan bəhs edir. O əlavə edib ki, Vüsal Babayev
cismən aramızda olmasa da, onun ruhu, adı və qəhrəmanlığı xalqımızın yaddaşında
daim yaşayacaq.
Sonda tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının “Muğam
(xanəndə)” kafedrasının baş müəllimi, Opera və Balet Teatrının solisti,
tanınmış xanəndə Vüqar Əliyev və Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət
Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən IX “Muğam”
Televiziya Müsabiqəsinin qalibi Rauf Cəfərov muğam ifaları ilə çıxış ediblər.
Xanəndələri tarda Poldaxan
Baxşıyev və kamançada Fərid Qədirov müşayiət ediblər.
Qeyd edək
ki, Vüsal Babayev 8 yanvar 1992-ci ildə Pirallahı rayonunda anadan olub.
1999–2010-cu illərdə Pirallahı rayon 186 nömrəli tam orta məktəbdə təhsil alıb.
Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və
2014-cü ildə leytenant rütbəsi ilə məzun olub. Sonradan baş leytenant rütbəsinə
yüksəlib, müxtəlif hərbi hissələrdə, o cümlədən ağır artilleriya komandiri vəzifəsində
xidmət edib.
Vətən
müharibəsi zamanı Füzuli rayonunun Gecəgözlü kəndində yaralı döyüş yoldaşını
xilas etməyə çalışarkən qəhrəmancasına şəhid olub.
Şəhid baş
leytenant Vüsal Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları
ilə ölümündən sonra “Vətən uğrunda”, “Şücaətə görə”, “Xocavəndin azad
olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və “Azərbaycan
Bayrağı” ordeni ilə təltif edilib.
İki övladı
– Selcan və Rüqəyyə yadigar qalan Vüsal Babayevin xatirəsinin əbədiləşdirilməsi
istiqamətində ailəsi tərəfindən onun şəxsi əşyaları Azərbaycan İstiqlal Muzeyinə
təqdim olunub, Pirallahı rayonundakı məktəblərdən birinə isə şəhidin adı
verilib.
Yaddaşlarda
mərd, qayğıkeş və cəsur komandir kimi qalan Vüsal Babayevin həyat və döyüş
yoluna həsr olunan “Şəhidlik and yeridir...” kitabı şəhidimizin xatirəsini
yaşadan mühüm mənəvi abidələrdən biri kimi dəyərləndirilir.