Azərbaycanda həbs qərarları bu üsulla çıxarılacaq - SON DƏQİQƏ AÇIQLAMALARI

19:21 - 14 May 2026

Azərbaycanda həbs qərarları bu üsulla çıxarılacaq - SON DƏQİQƏ AÇIQLAMALARI

İstintaq orqanları və məhkəmələrin həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələni obyektiv araşdırması üçün onlar arasında ağlabatan vaxt bölgüsü müəyyənləşdiriləcək.


Manset.az Musavat.com-a istinadən bildirir ki, Konstitusiya Məhkəməsi bununla bağlı Milli Məclisə müvafiq tövsiyələr verib.

Cinayət-Prosessual Məcəlləyə əsasən, maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsinin məcburi aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur.

Məhkəmədə qətimkan tədbiri qismində həbsin seçilməsi, tutulma müddətinin uzadılması, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə və yuxarıdakı abzasda nəzərdə tutulmuş istintaq hərəkətinin təxirəsalınmadan aparılmasına dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində, digər müraciətlərə isə 48 saat müddətində baxılır.

Yeni qərara görə, yuxarıdakı abzasda məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciətlərə baxılması üçün müəyyən edilmiş 24 saat əlavə müddət olmamaqla həmin Cinayət-Prosessual Məcəlləyə uyğun olaraq şübhəli şəxs qismində tutulma üçün müəyyən edilmiş 48 saatlıq müddətlə ehtiva olunur. İstintaq orqanları və məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələnin obyektiv və hərtərəfli araşdırılması üçün onlar arasında 48 saatlıq müddət çərçivəsində ağlabatan vaxt bölgüsünün müəyyənləşdirilməsi və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi Konstitusiya Məhkəməsi tərəfindən Milli Məclisə tövsiyə edilib.

Konstitusiya Məhkəməsinin tövsiyəsi ilə Azərbaycanda həbs qətimkan tədbirlərinin seçilməsiylə bağlı uzun illərdir səslənən narazılıqlar yenidən gündəmə gəlib.

Vəkil Ceyhun Yusifov xüsusilə həftəsonu və bayram günlərində verilən həbs qərarlarının ciddi suallar doğurduğunu bildirib.

Vəkil son günlər apardığı hüquqi mübarizədən sonra Bakı Apellyasiya Məhkəməsinin iki şəxslə bağlı həbs qərarını ləğv etdiyini açıqlayıb və bu qərara görə məhkəməyə təşəkkür edib.


Ceyhun Yusifovun sözlərinə görə, problem sistematik xarakter daşıyır. O hesab edir ki, istintaq orqanları bir çox hallarda həbs qətimkan tədbiri ilə bağlı təqdimatları məqsədli şəkildə həftəsonu və ya bayram günlərinə salırlar. Səbəb isə həmin günlərdə növbətçi hakimlərin əsasən mülki işlər üzrə ixtisaslaşmış hakimlər olmasıdır.

Vəkil qeyd edib ki, cinayət prosesinin spesifik xüsusiyyətlərinə dərindən bələd olmayan hakimlərin qarşısına çıxarılan təqdimatlarda həm maddi, həm də prosessual ziddiyyətlər diqqətdən kənarda qala bilir. Onun fikrincə, istintaq orqanları da məhz bu boşluqdan yararlanırlar.

Vəkil bildirib ki, ötən həftə Xətai Rayon Məhkəməsi tərəfindən iki ayrı şəxslə bağlı bir saat ərzində həbs qərarı çıxarılıb. Halbuki hər iki iş üzrə tərəflər arasında mülki mübahisə mövcud olub və bu amil mümkün cinayət tərkibini şübhə altına almalı idi. Onun sözlərinə görə, sonradan həmin qərarlar Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilib və saxlanılan şəxslər azadlığa buraxılıb. Vəkil “Əgər həmin işlərə cinayət işləri üzrə ixtisaslaşmış hakimlər baxsaydı, eyni qərarlar verilərdimi?” sualını verir.

Ceyhun Yusifov hesab edir ki, hüquq sistemində bu problemin qarşısını almaq üçün təcili institusional dəyişikliklər edilməlidir. O təklif edir ki, həftəsonu və bayram günlərində daxil olan həbs təqdimatlarına yalnız cinayət işləri üzrə ixtisaslaşmış hakimlər baxsın. Hətta daha sərt yanaşma kimi, cinayət işlərinə baxmayan hakimlərin növbətçi hakim siyahısından çıxarılmasını vacib sayır. Vəkilin fikrincə, belə dəyişikliklər bir neçə mühüm nəticəyə gətirib çıxara bilər. Əsassız həbs təqdimatlarının sayı azalar. İstintaq orqanları təqdimatları daha ciddi əsaslandırmağa məcbur olar. İstintaq təcridxanalarındakı sıxlıq zəifləyər. Apellyasiya instansiyalarının iş yükü azalar və ən əsası isə vətəndaşların məhkəmə sisteminə etimadı qorunar. Azərbaycanda son illər hüquq-məhkəmə islahatları tez-tez gündəmə gətirilsə də, həbs qətimkan tədbirlərinin seçilməsi ilə bağlı narazılıqlar hələ də ictimai müzakirə mövzusu olaraq qalır. Hüquq müdafiəçiləri və vəkillər dəfələrlə bildiriblər ki, həbs tədbiri istisna yox, praktikada çox vaxt ilkin seçim vasitəsinə çevrilib.

Ceyhun Yusifov isə ümid etdiyini bildirib ki, gələcək hüquq islahatlar zamanı bu məsələ də nəzərə alınacaq.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az