Cari ilin sentyabr ayının 30-da Azərbaycanda səfərdə olan Gürcüstan Ali Məhkəməsinin sədri xanım Nino Kadagidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olublar.
Manset.az xəbər verir ki, qonaqlar əvvəlcə Milli Aviasiya Akademiyanın (Akademiya) müasir infrastrukturu, elmi-akademik mühiti, məhkəmə simulyasiyası otağı, Beynəlxalq Təlim Mərkəzi və müasir uçuş simulyatorları ilə də tanış olublar.
Daha sonra qonaqlar tədrisdə iştirak edən hakimlər, professor-müəllim heyəti, hüquqşünas alimlər, Milli Aviasiya Akademiyası və Polis Akademiyasının təhsilalanları ilə görüşüblər.
Görüşdə çıxış edən Akademiyanın “İqtisadiyyat və hüquq” fakültəsinin dekanı, professor Ayxan Rüstəmzadə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin salamlarını tədbir iştirakçılarına çatdırıb və təhsil müəssisəsinin fəaliyyəti barədə qonaqlara məlumat verib. Qeyd edib ki, Milli Aviasiya Akademiyası ölkənin qabaqcıl ali təhsil müəssisələrindən biridir və burada hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr yüksək hazırlıq səviyyəsi ilə ölkə üzrə seçilirlər. O, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının müasir tələblərə cavab verdiyini vurğulayıb.
Gürcüstan Ali Məhkəməsinin sədri xanım Nino Kadagidze öz növbəsində səmimi qarşılanmaya və göstərilən yüksək qonaqpərvərliyə görə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevə minnətdarlığını bildirib. Ardınca Gürcüstan Ali Məhkəməsinin hakimi Tamar Okropiridze Gürcüstanın məhkəmə sisteminin quruluşu və fəaliyyəti, hakimlərin təyinatı, ədalət mühakiməsinin həyata keçirilməsi, eləcə də Gürcüstanda son illərdə aparılan məhkəmə-hüquq islahatları barədə iştirakçılara ətraflı məlumat verib.
Akademiyanın “İqtisadiyyat və hüquq” fakültəsinin müəllimi Murad Orucov çıxış edərək fakültə haqqında ətraflı məlumat verib. O, fakültədə təhsil alan tələbələr, ixtisas istiqamətləri, eləcə də professor-müəllim heyəti, tədrisə cəlb edilmiş hakimlər, prokurorluq orqanlarının əməkdaşları və vəkillər barədə geniş məlumatı qonaqların diqqətinə çatdırıb. Bununla yanaşı, Milli Aviasiya Akademiyasında yaradılmış məhkəmə simulyasiya otağı, Azərbaycan Respublikasi Prezidenti yanında Ali Attestasiyası tərəfindən Akademiyanın nəzdində yaradılımış hüquq ixtisasları üzrə fəaliyyət göstərən Dissertasiya Şurası barədə qonaqlara məlumat verib.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Sənan Hacıyev də öz növbəsində Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevə və Akademiyanın rəhbərliyinə öz minnətdarlığını bildirərək, Akademiya ilə Azərbaycan Respublikasının Ali Məhkəməsi arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən bu növ görüşlərin, master klassların keçirilməsinin faydalarından bəhs edib. Bununla yanaşı məruzəçi Azərbaycan məhkəmə-hüquq islahatları, elektron-məhkəmə sistemi və məhkəmə hakimiyyətində rəqəmsallaşma barədə məlumat verib.
Tədbirin sonunda təhsilalanları və müəllimləri maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb, qonaqlarla xatirə şəkili çəkilib.