Metropolitenin sabiq mətbuat katibi, "Huner Group"un PR və marketinq departamentinin direktoru Nəsimi Paşayev Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının onu bir neçə dəfə səbəb olmadan saxladığını bildirib.
Manset.az xəbər verir ki, N.Paşayev sonuncu dəfə bu gün Bayraq meydanından Bayıl istiqamətində gedərkən DYP əməkdaşının "Saxla" işarəsi verdiyini bildirib: "Avtomobilimin sığortasını nə vaxt yenilədiyimi soruşdu. Bu hal 4-cü dəfə baş verdiyi üçün "vaxtı çatanda yeniləyirəm" cavabını verdim. "Bizim sistemdə görünmədiyi üçün saxlamışam" deyərək planşetində qurdalanmağa başladı. Mən də artıq bunun mütəmadi hal aldığını, əgər göstərmirsə sistemlərini düzəltdirməyi dedim.
Heç bir protokol tərtib edilmədən yoluma davam etdim. Avtomobilin sığortasının olduğuna dair heç bir sənəd-sübut təqdim etmədim. Əgər sığorta həqiqətən yoxdursa, niyə protokol tərtib etmədi? Eyni zamanda əgər avtomobilin sığortası yoxdursa, bunu kameralar vasitəsilə elektron qaydada qeyd edib protokol tərtib etməlidirlər. Səbail rayon DYP-sinə aid 99 YP 250, 251, 252, 253 dövlət nömrəli avtomobillər eyni taktikadan istifadə edir”.
N. Paşayev məsələ ilə bağlı 102 xidmətinə şikayət etdiyini qeyd edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında məsələnin araşdırıldığını bildirib.
Qeyd edək ki, ötən ilin dekabr ayında Səbail rayon Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. Onun vətəndaşlarla mütəmadi olaraq kobud rəftar etməsi haqda DİN rəhbərliyinə çoxlu şikayət daxil olub. Daxili araşdırma nəticəsində nazirin əmri ilə M.Fətəliyev vəzifəsindən azad olunub. Daha sonra onun yerinə polis mayoru Elnur Rəhimov təyin edilib.