Bu gün Novruz bayramının ikinci çərşənbəsi - Od çərşənbəsidir.
Manset.az xəbər verir ki, Novruz bayramının ikinci çərşənbəsi “Kül çərşənbəsi”, “Külə çərşənbə”, “Od çərşənbəsi”, “Xəbərçi çərşənbə”, “Üskü çərşənbə”, “Xız çərşənbə” və s. adlarla tanınır.
Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhəmməd Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu çərşənbə əski görüşlərlə bağlı olub, Günəşə, oda tapınma ilə əlaqədar yaranıb. “Od qüdrət, qüvvət, işıq, Günəş, azadlıq, ucalıq rəmzidir. Qədim etiqadlara görə insanlar odu-ocağı nə qədər çox əzizləsələr, təbiət bir o qədər tez canlanar və torpaq qış yuxusundan tez oyanardı. İnanılırdı ki, Səma odu-Günəşin yerdəki təmsilçisi od-alov təzələnməklə yanaşı, qış günlərində yer üzündə yığılıb qalmış bütün murdarlıqdan təmizləyib, insanları ”çillədən” xilas edib azar-bezardan qoruyaraq, sağlamlıq, paklıq, gümrahlıq bəxş edir”.
Bu axşam evlərdə tonqal nə qədər gur yandırılarsa, üzə gələn ildə hər ailənin həyatı o qədər nurlu və xoşbəxt keçər. El-oba adətinə görə, bu çərşənbə axşamı ailənin sonbeşiyi evin 4 küncündə şam, çıraq yandırmaqla hər tərəfi nura qərq edər, otaqların taxçalarında yerləşdirilmiş güzgülər şam-çırağın gücünü bir neçə dəfə artırar və deyərdilər: “Od-çıraq yandıran xeyir aparar, onun çırağı heç vaxt sönməz”. Bununla da, nəslin, soyun artmasının bir əlaməti olan çırağın sönməzliyinə ümid bəslənərdi”.
M.Məmmədlinin dediyinə görə, bu çərşənbə bəzi regionlarda “Kül çərşənbəsi” adı ilə də tanınır. Kül çərşənbəsində təsərrüfatçı bağ-bostanın, əkin-biçinin qış yuxusundan oyanmasını istədiyindən axşam yandırılmış çərşənbə tonqalının külünü isti-isti bağa, bostana, əkiləcək yerə səpər. İstiliyin bu şəkildə simvolunu yaratmaq, üstlərinə kül səpdiklərinin tezliklə oyanması, canlanması istəyini ifadə edir. İnama görə belə etdikdə həm bərəkət artar, həm də şər qüvvələr qorxub qaçar.
“İkinci çərşənbəyə el arasında “Xəbərçi çərşənbə” də deyilir. Bu çərşənbə xalqın böyük həsrətlə gözlədiyi ilaxır çərşənbənin, ilin təhvil olduğu günün yaxınlaşmasından xəbər verir”.
Həmsöhbətimiz vurğulayıb ki, Günəşin yerdəki rəmzi olan Od ilkin insan üçün qeyri-adi gücə malik olan canlı kimi anılırdı: “Onlar oddan qorxur, onun istilik gətirdiyini dərk edir, onu qoruyur, ona hörmət edirdilər. Odun inanc sistemində əsas funksiyalardan biri onun paklaşdırıcı, təmizləyici, saflaşdırıcı qüvvəsinə inamdır. Qədim türklərdə, o cümlədən göy türklərdə düşmən tərəfindən danışıq üçün gələn elçilər qalanmış tonqalın üstündən keçməli olurdular. Yalnız bundan sonra elçilərin xaqanın hüzuruna gəlməyə icazə verirdilər. İnama görə od düşmənin ürəyindəki kin-kidurətini, bədxah düşüncəsini, düşmənçilik hisslərini məhv edirdi”. Odun paklaşdırıcı, saflaşdırıcı, təmizləyici qüvvəsinə inamın izlərinə mənbələrdə rast gəlirik. 568-ci ildə Bizans elçisi Zemarkos Göy türklərin yanına elçi sifətiylə gəldiyi zaman türklər eiçi heyətini tonqalların arasından keçirərək yaman ruh və şər qüvvələrdən təmizlədikdən sonra xaqanın hüzuruna gətirmişlər. Kuman hökmdarının sarayına elçi sifəti ilə gələn Plano de Karpini də elçi heyəti ilə birlikdə yanan odların arasından keçirilərək şər qüvvələrdən təmizlənmişlər. 1246-cı ildə Batı xanın ordugahına gələn və iki od arasından keçməyi qəbul etməyən rus çarı Çernikovskiy edam edilmişdir”.
Məmmədli onu da əlavə edib ki, Şamanların müxtəlif xəstəlikləri odla müalicə etmələri, xəstəni odun üstündən keçirmələri, ocağın başına fırlatmaları, öz bədənlərindəki şər qüvvələri təmizləmək üçün közün üstündə ayaqyalın gəzmələri, eyni zamanda xalqımızın Novruz bayramı vaxtı tonqalın üstündən atılması odun saflaşdırıcı qüvvəsinə inamla bağlıdır: “Bu adət köhnə ildən canımıza yığılan ağrı-acıdan, xəstəliklərdən qurtulmaq, təmizlənmə, yeni ilə saf, sağlam, təmiz şəkildə qədəm qoymaq arzusundan irəli gələn qədim inamın izlərindəndir. Böyükdən-kiçiyədək hamı 7 dəfə tonqalın üstündən hoppanır və “Ağrım, acım, azarım-bezarım bu odda yansın!”- deyirlər. Bu çərşənbə axşamında bütün aləm oda-alova qərq olur, qonşular təziyəli olanların həyətində tonqal yandırmaqla həmin ailəni də yasdan çıxarır. Əcdadlarımız Od-ocağa azar-bezarı məhv edən, şər ruhları qovan, günah və ağırlıqlardan təmizləyən, çətinlikləri azaldan qüvvə kimi baxmışlar. Çərşənbə tonqalı özü sönməlidir, onu yarımçıq və ya su ilə söndürmək olmaz. Ev-eşikdən var-dövlət, bərəkət, məhsuldarlıq azalmasın deyə, onların ətrafına qızdırılmış dəmir şişlə 3 dəfə çızıq çəkirdilər”.
“Çərşənbələrdə odun üstündən atlanan insanların dedikləri “Sarılığımı al, qırmızılığını mənə ver!” və ya “Ağırlığım oda!” ifadələri odun təmizləyici, saflaşdırıcı funksiyalarından xəbər verir”.
M.Məmmədli qeyd edib ki, türk hökmdarının ilin təhvil olunduğu vaxtda tonqal qalatdırması, ocağın rənginə görə gələcəkdə baş verəcək hadisələrdən xəbərdar olardılar: Əgər alov yaşıl rəngə çalırdısa, ilin bərəkətli, məhsuldar, yağmurlu olacağı düşünülmüşdür. Ağ rəngli alov qıtlıq əlaməti idi. Alovun sarı rəngdə olması xəstəlik olacağına, qara rəngə boyanması hökmdarın ölməsinə və ya uzaq səfərə gedəcəyinə, qırmızı rəngə çalması isə savaş olacağından xəbər verirdi.
Həmçinin, əlavə edib ki, üskü xonçası və ya pak Çərşənbə şam süfrəsini paxlaplov bəzəyərdi: “Çərçənbə süfrəsi başa çatdıqdan sonra onu oçaq-manqal üstündə silkələyib, odla saflaşdırardılar. Çərşənbə süfrəsinin şam-çırağını yarımçıq söndürmək olmaz. İnanmışlar ki, kimin şamı tez yanıb qurtarsa, onun ömrü qısa, kiminki axıra qalsa uzun olacaqdır. Bu çərşənbədə əksər qız-gəlinlər saçlarına, əllərinə xına qoyub vəsmə yaxardılar. Bütün arzu və diləklərin bu çərşənbə axşamında həyata keçəcəyinə inanan ərgən qızlar ürəklərində niyyət tutub saçlarını açıb tökər, bir şam başı üstə, o birisini ayağı altında yandırıb, bir güzgü başı üstünə, o birisini ayağı altına söykəyib yatardı. Gecə yerindən qalxıb güzgüyə baxar və orada gələcək nişanlılarını görməliydilər”.
M.Məmmədli od və ocağın dünyanın bir çox xalqlarında funksiyalarını da qeyd edib:
- Od Günəşin yerdəki rəmzidir;
- Od-ocaq ailə, nəslin mövcudluğunu bildirir;
- Od birlik, mehribanlıq rəmzidir;
- Od canlı varlıqdır;
- Od gələcəkdən xəbər verə bilir;
- Od müalicəvi funksiya daşıyır;
- Od təmizləyici, paklaşdırıcı, saflaşdırıcı, qoruyucu gücə malikdir.
“Babalarımızın ən qədim andı günəş, od-ocaq ilə bağlı idi. And içərkən “Od haqqı”, “Günəş haqqı”, “O işığa, o ocağa and olsun!”, alqış eləyəndə isə “ Ağ gün görəsən!”, “İşıqlığa çıxasan!”, “ Üstünə nur çilənsin!” və s. demişlər”.
Qeyd edək ki, Yel çərşənbəsi 7 mart, torpaq çərşənbəsi 14 martda qeyd olunacaq.
Azərbaycana yaz fəsli 21 martda Bakı vaxtı ilə saat 01:24-də daxil olacaq.
Od çərşənbəniz mübarək!