Nikol Paşinyan Ermənistanın xilaskarı olmaq istəyərkən ölkəsini dönüşü olmayan uçurumun kandarına gətirdiyindən xəbərsizdir. Bu gün rəsmi İrəvan faktiki olaraq dövlət kimi varlığını çox ciddi təhlükə ilə üz-üzə qoymaqla məşğuldur. Paşinyanın Rusiyanın orbitindən çıxıb, ölkəsini Qərbə inteqrasiya prosesinə cəlb etdiyi bir məqamda çox ciddi boşluqlara yol verir.
Son dönəmlər Ermənistan baş nazirinin xüsusilə Ukrayna mövzusuna marağının artması sıradan bir hadisə deyil. Bu cəhdlər İrəvanın Moskvadan sürətlə uzaqlaşması üçün nəzərdə tutulub. Elə bu səbəbdən də Paşinyan əvvəlcə Avropa İttifaqının tədbirində Ukrayna prezidenti Volodimir Zelenski ilə ayaqüstü söhbət etdi və bu kadrlar geniş müzakirələr yaratdı.
O, bundan sonra həyat yoldaşı Anna Akopyanı Kiyevdə keçirilən tədbirə göndərdi. Anna orada həm Zelenskinin, həm də onun xanımının əlini sıxdı. Bu fakt da Moskvanın narazılığına səbəb oldu. Başqa cür ola da bilməzdi. Ermənistan höküməti Ukrayna ilə bağlı növbəti gedişini edib. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Malta adasında “Ukraynanın sülh forumu” tədbirində iştirak etdi.
Qriqoryan toplantı çərçivəsində əvvəlcə Yunanıstan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Afanasios Ntokosla ikitərəfli görüş keçirib. Tərəflər təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər. Armen Qriqoryan ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayan və Fransa prezidentinin köməkçisi Bertran Buhvalterlə də müzakirələr aparıb. Armen Qriqoryanın bu görüşləri Nikol Paşinyan aspektindən olduqca "səmərəli" hesab edilə bilər.
Qısa zamanda Ermənistan parlament spikerinin bu qədər görüşlər keşirməsi heç də təsadüf deyil. Rəsmi İrəvanın hədəfləri hər kəsə bəllidir:
- İrəvan çalışır ki, Qərb ölkələri Ermənistanı Rusiyanın mümkün təzyiqindən qorusun və bu istiqamətdə onlardan bir təhlükəsizlik təminatı alsın.
- Ermənistan indi də Qərbə hesabat verir. İrəvan Tehranda Rusiyanın da qatıldığı region dövlətləri ilə 3+3 formatında iştirak etdiyi bu görüşdə əslində məqsədlərinin nə olduğunu Qərb dairələrini izah etməyə çalışır. Armen Qriqoryan eyni zamanda Paşinyanın Tbilisidə açıqladığı “Sülh qovşağı” ideyasının mahiyyətini Qərb diplomatlarına izah etməyə çalışdı. Bu görüşlər və müzakirələr deməyə əsas verir ki, Ermənistan Ukraynadan sonra Rusiya üçün yeni baş ağrısına çevrilməkdədir.
Hətta Ermənistanın Rusiyanın orbitindən uzaqlaşmaq üçün müəyyən məsələlərdə Azərbaycanla belə razılaşmağı gözdən keçirdiyi istisna edilmir. Belə demək mümkünsə, artıq Paşinyan hakimiyyəti "Rusiyasız Ermənistan" məsələsi üzərində çox ciddi çalışmağa başlayıb.
Artıq İrəvanda “Rusiya Ermənistana nəql etdiyi qazı kəsərsə ne edəcəyik” sualına cavab tapmaq üçün Bakı variantə gözdən keçirilir. Tbilisidə keçirilən dördüncü Tbilisi İpək Yolu Forumunda çıxış edən Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakob Vardanyan Azərbaycandan qaz almağa “hazır olduqlarını” bildirməklə bir növ dolayısı ilə məqsədlərini növbəti dəfə açıq ortaya qoyub.
Nəzərə alsaq ki, Azərbaycan son 3 ildə qarşı tərəfə qonşuluq prinsipləri əsasında yaşamaq üçün bütün şərtlərini açıqlayaraq bunun mümkünlüyünü bəyan etmiş olub, o zaman təbii ki, qərar rəsmi İrəvana qalır. Şübhəsiz ki, bu gün Azərbaycanın Ermənistana həm qaz satması, həm də Ermənistanın da içində olduğu regional nəqliyyat layihələrində iştirakı mümkündür. Bunun üçün çox sadə "prosedur" icra edilməlidir. O da təbii ki, Azərbaycanın Ermənistana təklif etdiyi sülh paketinin, Nikol Paşinyanın 3 il əvvəl imzaladığı 10 noyabr üçtərəfli bəyanatının icra edilməsindən asılıdır.
Bu da özündə sülh sazişin ehtiva edir. Bunun üçün ilk növbədə Paşinyan özündə cəsarət tapıb Azərbaycanla sülh sazişi imzalamalıdır. Bu baş verərsə, o cümlədən ABŞ Konqresi və rəsmi Paris Azərbaycana qarşı “erməni kartı”ından imtina etmək məcburiyyətində qalacaqlar. Təsadüfi deyil ki, Ermənistanın radikal müxalifəti Nikol Paşinyanın “Sülh Qovşağı” təklifinin əleyhinə çıxıblar.
Prezident İlham Əliyevin 2022-ci ildə Gürcüstana səfərləri zamanı Azərbaycanla Ermənistan arasında sülh yaranacağı təqdirdə Cənubi Qafqazda sülhün bərqərar olacağı və əməkdaşlıq üçün imkanlar yaranacağını bildirməsi sıradan bir açıqlama deyil. O, Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlanması ilə bağlı fikir mübadiləsi aparıldığını və Azərbaycanın buna hazır olduğunu bəyan etməklə Nikol Paşinyan hakimiyyətinin dövlət başçısı kimi heç vaxt unutmayacağı pası verdi. Prezident İlham Əliyev sülh olacağı təqdirdə faktiki olaraq "Qafqaz evi" ideyasının reallaşmasının mümkünlüyünə işarə etdi.
Azərbaycan Prezidentinin bəyan etdiyi çərçivədə əməkdaşlıq Cənubi Qafqazda yeni mühit yarada, yeni iqtisadi layihələrə yol aça bilər. Bu modelin region ölkələrinin inteqrasiya olunmuş modelinin yaranmasını şərtləndirəcəyi istisna edilmir. Qərar rəsmi İrəvana qalır. Ermənistan istəyərsə, bu modelin tərkib hissəsi ola bilər. Əks mövqedən çıxışın isə Ermənistan üçün hansı bəlalarla yekunlaşacağını proqnozlaşdırmaq elə də çətin deyil.
Atabəy Türkel