Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun baş katibi Mark Rutte ilə telefonda Ukraynadakı münaqişənin həllini müzakirə edib.
Manset.az Müsavat.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dəki mənbələr məlumat yayıb.
“Söhbət zamanı Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq səyləri müzakirə edilib”, - mənbə agentliyə bildirib.
Fidan və Rutte həmçinin iyunun 24-25-də Haaqada keçirilməsi planlaşdırılan NATO sammitinə hazırlıq məsələlərinə də toxunublar.
Bundan əvvəl Türkiyənin müdafiə naziri Yaşar Gülər bildirib ki, Ankara Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səyləri dəstəkləyir.
İyunun 2-də İstanbuldakı Çırağan sarayında Ukrayna böhranının nizamlanması üzrə danışıqların ikinci raundu keçirilib. Rusiya nümayəndə heyətinə Medinski, Ukrayna nümayəndə heyətinə Umerov başçılıq edib. Müzakirələrə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan da qoşulub, o, salamlama nitqi söyləyib. Görüş zamanı nümayəndə heyətləri münaqişənin sülh yolu ilə həllinə dair bir-birlərinə təklif olunan memorandumları müzakirə edib, sənədlər mübadiləsi aparıblar.