ABŞ və Çin arasında ticarət müharibəsinə son qoymaq məqsədilə yeni danışıqlar mərhələsi Londonda başlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, görüşlərə Çin Baş nazirinin müavini He Lifeng və ABŞ-nin Maliyyə naziri Skott Bessent ilə Ticarət naziri Hovard Lutnik rəhbərlik edir.
ABŞ rəsmiləri danışıqları “yaxşı” və “məhsuldar” adlandırıblar. Prezident Donald Tramp isə “Çinlə bağlı yaxşı işlər görürük” deyə bildirib. Çin tərəfi isə şərh verməyib. Danışıqların çərşənbə axşamı davam edəcəyi açıqlanıb.
Bu görüşlər ötən ay Cenevrədə əldə olunan müvəqqəti razılaşmadan sonra keçirilir. Tərəflər mayda 90 gün ərzində yüksək tariflərin əksəriyyətini dayandırmaq barədə razılaşmışdılar.
Eyni zamanda, yeni gömrük məlumatlarına görə, Çinin ABŞ-a ixracı may ayında 35% azalıb – ötən ilki 44 milyard dollardan bu il 28,8 milyard dollara düşüb.