İyunun 15-də Omanın paytaxtı Maskatda İran və ABŞ arasında nüvə danışıqlarının altıncı raundunun keçirilməsi planlaşdırılır.
Manset.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi məlumat verib.
Bekayi bildirib ki, Tehran və Vaşinqton arasında dolayı danışıqların növbəti mərhələsi gələn bazar günü baş tutacaq.
ABŞ Prezidenti Donald Tramp isə İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığından sonra verdiyi açıqlamada, danışıqların iyunun 12-də keçiriləcəyini bildirib.
Qeyd edək ki, İran və ABŞ arasında aparılan nüvə müzakirələrinin indiyədək beş raundu Maskat və Romada baş tutub. Görüşlərdə əsas müzakirə mövzusu Tehranın uranın zənginləşdirilməsi proqramı olub.
Tehran nüvə fəaliyyətinə qoyulan məhdudiyyətlər əvəzində beynəlxalq sanksiyaların aradan qaldırılmasını istəyir. Bu, İranın atom silahı istehsal etməsinin qarşısını almağa yönəlib.
Vaşinqton isə İranın uranı zənginləşdirmə fəaliyyətini tamamilə dayandırmasını nəzərdə tutan razılaşma təklif edib. İran tərəfi bu təklifi "qırmızı xətlərin" keçilməsi kimi qiymətləndirərək qəbul etməyəcəyini, əvəzində ABŞ-a öz təkliflərini təqdim edəcək cavab sənədi hazırladığını açıqlayıb.