Türkiyə kinosunun sevilən simalarından biri, "Yumurcak" filmindəki "Çitlenbik" (Toyuq) obrazı ilə tanınan Afrika əsilli türk aktyor İhsan Küçüktəpə 63 yaşında dünyasını dəyişib.
Manset.az xəbər verir ki, bu barədə Film-San Vəqfi məlumat yayıb.
Vəqf tərəfindən yayılan başsağlığında bildirilib: “Aktyor İhsan Küçüktəpəyə (Çitlenbik) Allahdan rəhmət diləyir, ailəsinə və sevənlərinə başsağlığı veririk.”
1962-ci ildə dünyaya gələn İhsan Küçüktəpə Yeşilçam dövrünün unudulmaz uşaq aktyorlarından biri olub. O, 1969-cu ildə çəkilən "Yumurcak" filmindəki "Çitlenbik" obrazı ilə məşhurlaşıb və qısa zamanda tamaşaçıların böyük rəğbətini qazanıb. 1972-ci ilə qədər "Yumurcak" seriyasına daxil olan bir çox filmdə rol alıb.
Karyerasına uşaq aktyor kimi başlayan Küçüktəpə daha sonra müxtəlif layihələrdə yer alıb. 1975-ci ildə TRT-də yayımlanan "Aşk-ı Memnu" serialında "Beşir" obrazını canlandırıb. 1977-ci ildə isə "İbo ile Güllüşah" filmində küçə uşağı rolunda çıxış edib.