ABŞ Prezidenti Donald Tramp Los-Ancelesdə baş verən etiraz aksiyaları ilə bağlı açıqlama verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, o bildirib ki, aksiyalarda iştirak edən şəxslərə pul ödənilib və onların əksəriyyəti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
"Los-Ancelesdə baş verən hadisələr iğtişaş kimi qiymətləndirilə biləcək bölgələri əhatə edir. Nümayişçilərə maaş verilir, biz onların çoxunu həbs etmişik. Milli Qvardiyanın əsgərləri təhlükə tamamilə aradan qalxana qədər Kaliforniyada qalacaq. Görünür, bu fəlakət əvvəlcədən planlaşdırılıb", – deyə Tramp bəyan edib.
ABŞ lideri əlavə edib ki, "Qiyam Aktı"na ehtiyac olub-olmadığı gələcəkdə aydın olacaq: "Los-Ancelesdə iğtişaşlar aktının tətbiqinə ehtiyac yaranıb-yaranmadığını görəcəyik".
Digər tərəfdən, ABŞ Müdafiə naziri Pit Hegseth də məsələ ilə bağlı danışıb. O qeyd edib ki, immiqrasiya agentlərini qorumaq məqsədilə Los-Ancelesə Dəniz Piyadaları və Milli Qvardiya əsgərləri göndərilib. Hegseth bu əməliyyatın ümumi xərclərinin 134 milyon dollar təşkil etdiyini açıqlayıb.