Süni intellekt sektoru qlobal istifadə artımı ilə yanaşı, kütləvi enerji istehlakını azaltma yollarını da araşdırır. Daha səmərəli soyutma sistemləri, enerjiyə qənaət edən çiplər və ağıllı alqoritmlər diqqət mərkəzindədir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ekspertlər isə yaxınlaşan elektrik böhranı barədə xəbərdarlıq edirlər.
Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına görə, süni intellekt tamamilə məlumat mərkəzlərindən asılıdır və bu mərkəzlər 2030-cu ilə qədər dünyanın ən böyük enerji istehlakçılarından biri ola bilər. Proqnoza görə, məlumat mərkəzləri elektrik istehlakının ümumi 3 faizini təşkil edəcək ki, bu da indiki səviyyədən iki dəfə çoxdur.
ABŞ-də yerləşən McKinsey konsaltinq firması, süni intellektin sürətinə uyğunlaşmaq üçün qlobal miqyasda məlumat mərkəzləri qurulmasında yarışın başlandığını, lakin bunun qlobal enerji qıtlığına səbəb ola biləcəyini vurğulayıb.
"Problemin həlli yolları mövcuddur"
Miçiqan Universitetinin kompüter elmləri professoru Moşraf Çovdhuri bildirib ki, bu problem bir neçə səviyyədə həll edilə bilər. Onun sözlərinə görə, ya enerji təchizatı artırılmalı, bu isə zaman tələb edir, ya da daha az enerji istehlakı ilə eyni emal gücünə sahib olmaq üçün yeni texnologiyalar inkişaf etdirilməlidir.
Çovdhuri-nin rəhbərlik etdiyi laboratoriya, süni intellekt çiplərinin enerji sərfiyyatını 20-30 faiz azaldan alqoritmlər hazırlamağı bacarıb.
Yeni texnologiyalarla daha yüksək səmərəlilik
İyirmi il əvvəl bir məlumat mərkəzinin infrastrukturu (məsələn, soyutma sistemləri) serverlər qədər enerji sərf edirdi. Bu gün isə bu rəqəm yalnız 10 faiz təşkil edir. Arup məsləhətçisi Gareth Williams-ə görə, bu böyük fərq səmərəliliyə göstərilən diqqətin nəticəsidir.
Hazırda məlumat mərkəzləri, bütün binanı bərabər şəkildə soyutmaq əvəzinə, süni intellektlə işləyən sensorlar vasitəsilə yalnız ehtiyacı olan əraziləri soyudur və regional temperaturları izləyir. Bu yanaşma, elektrik istehlakını real vaxt rejimində optimallaşdırmağa imkan verir.
Maye soyutma texnologiyaları
McKinsey mütəxəssisləri, maye soyutma texnologiyasının sənayeni tamamilə dəyişdirə biləcəyini bildirir. Bu sistem, ənənəvi enerji istehlak edən kondisionerləri əvəz edərək soyuducu mayeni birbaşa serverlərə dövr etməyə imkan verir.
Amazon Web Services (AWS), keçən həftə Nvidia qrafik prosessorlarının soyudulması üçün yeni maye soyutma metodunu təqdim etdi. AWS vitse-prezidenti Dave Brown bildirib ki, "Mövcud məlumat mərkəzlərimizi yenidən qurmadan bu miqyaslı maye soyutma qabiliyyəti sadəcə mümkün deyil."
Çiplər saha səmərəli olur, lakin enerji istehlakı artır
McKinsey mütəxəssisləri hesab edir ki, yeni nəsil çiplər əvvəlki modellərə nisbətən daha səmərəlidir. Purdue Universitetinin alimlərindən Yi Ding qeyd edib ki, süni intellekt çipləri performansın aşağı düşməsi olmadan daha uzun müddət işləyə bilər. Lakin, o, çip istehsalçılarının müştəriləri daha uzun müddət köhnə avadanlıqlardan istifadə etməyə təşviq etməsinin çətin olduğunu vurğulayıb.
Ding, daha səmərəli avadanlıqların enerji istehlakını azalda biləcəyini, lakin ümumilikdə enerji istehlakının artmağa davam edəcəyini qeyd edib.
ABŞ və Çin arasında enerji yarışı
Süni intellekt sahəsində ABŞ ilə Çin arasında enerji təchizatı mübarizəsi yeni bir mərhələyə qədəm qoyur. Yanvar ayında, Çin startapı DeepSeek, daha az güclü çiplər ilə işləyən və daha az enerji sərf edən süni intellekt modeli təqdim edib. Bu model, ABŞ-ın ən yaxşı sistemləri ilə müqayisədə eyni performansı göstərib.
DeepSeek mühəndisləri, bu yanaşma ilə enerji istehlakını azaltmağa nail olublar. Əlavə olaraq, Çinin bərpa olunan enerji və nüvə enerjisi kimi sahələrdə ABŞ-dan xeyli irəlidə olduğu düşünülür.