Azərbaycan
Respublikasının dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olan 12 noyabr
tarixi müstəqil Azərbaycan Respublikasının hüquqi, demokratik və dünyəvi dövlət
kimi inkişafının əsasını qoyan əsas qanunumuz – Azərbaycan
Respublikasının Konstitusiyasının qəbul olunduğu gündür.
Azərbaycan
Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi
(referendum) yolu ilə qəbul edilmişdir. Bu hadisə, Azərbaycanın müstəqilliyini
bərpa etdikdən sonra öz milli dövlət quruculuğunu hüquqi əsaslar üzərində
formalaşdırmasının parlaq göstəricisidir.
Azərbaycan
Respublikasının dövlətçilik tarixində Konstitusiyanın qəbul edilməsi və onun
inkişaf etdirilməsi prosesi Ulu Öndər Heydər Əliyevin və
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində
formalaşmışdır. Bu iki böyük dövlət xadiminin fəaliyyəti nəticəsində ölkəmizdə
hüquqi dövlət quruculuğu, demokratik dəyərlər və vətəndaş cəmiyyəti prinsipləri
ardıcıl şəkildə həyata keçirilmişdir.
Azərbaycan
Respublikasının müstəqilliyini bərpa etməsindən sonra ölkənin siyasi və hüquqi
sisteminin formalaşdırılması qarşısında duran ən vacib məsələlərdən biri yeni
Konstitusiyanın qəbul edilməsi idi. 1995-ci ildə
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan
Respublikasının Konstitusiya Komissiyası yaradıldı. Komissiyanın məqsədi
müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruluşunun əsasını təşkil edəcək
milli Konstitusiyanın layihəsini hazırlamaq idi. Heydər
Əliyevin rəhbərliyi ilə hazırlanan layihə ictimai müzakirəyə çıxarılmış, xalqın
təklifləri nəzərə alınmış və 1995-ci il noyabrın 12-də ümumxalq
referendumu ilə qəbul edilmişdir. Bu sənəd Azərbaycan
dövlətçiliyinin hüquqi bünövrəsini yaratdı, müstəqilliyin dönməzliyini təsbit
etdi və xalqın iradəsini ifadə edən ilk demokratik Konstitusiya kimi tarixə
düşdü.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi
ilə Konstitusiyanın müddəalarının daha da təkmilləşdirilməsi, müasir dövrün
çağırışlarına uyğunlaşdırılması istiqamətində ardıcıl islahatlar həyata
keçirilmişdir. Prezident İlham Əliyevin dövründə Konstitusiyaya bir neçə dəfə referendum
yolu ilə əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər insan hüquq və azadlıqlarının
qorunmasını, idarəetmənin səmərəliliyini və dövlətin demokratik dəyərlər üzərində
inkişafını təmin etdi. Konstitusiyaya
əlavə edilən müddəalar vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, sosial ədalətin və
şəffaf idarəetmənin güclənməsinə xidmət etdi. Həmçinin, bu dəyişikliklər
dövlət idarəetməsinin müasir tələblərə uyğunlaşdırılmasına yönəldilmişdi. Yeni
institutlar – Birinci vitse-prezident və vitse-prezidentlər vəzifələri
təsis edildi. Bununla dövlətin çevik və dayanıqlı idarəetməsi təmin olundu. Bundan
başqa, gənclərin siyasi proseslərdə
iştirakı genişləndirildi, insan hüquqlarının təminatı gücləndirildi, sosial
dövlət prinsipləri daha da möhkəmləndirildi.
Prezident İlham
Əliyevin Konstitusiyaya verdiyi bu yeniliklər Azərbaycanın hüquqi-siyasi
sisteminin modernləşməsinə, dövlətin idarəçilik strukturunun beynəlxalq
standartlara uyğunlaşdırılmasına şərait yaratdı. İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu islahatlar nəticəsində Konstitusiya
həm sabitliyin, həm də inkişafın təminatına çevrilmişdir.
Azərbaycan
Respublikasının Konstitusiyası dövlətin ali hüquqi qüvvəyə malik əsas
qanunudur. Konstitusiya ölkənin siyasi, iqtisadi və sosial sisteminin əsaslarını,
dövlət hakimiyyətinin təşkili prinsiplərini, vətəndaşların hüquq və
azadlıqlarını müəyyən edir.
Konstitusiya Azərbaycan
xalqının dövlətçilik iradəsini, azadlıq və ədalət ideallarını əks etdirən,
hüquqi dövlətin bünövrəsini qoyan sənəddir. O, ölkənin hüquqi sisteminin
inkişafı üçün istiqamətverici rol oynayır və bütün qanunvericilik aktlarının əsasını
təşkil edir.
Azərbaycan
Respublikasının Konstitusiyası həmçinin, vətəndaşların
bərabər hüquqlara malik olmasını təmin edir, dövlət hakimiyyətinin xalqın iradəsinə əsaslanaraq
həyata keçirilməsini müəyyən edir, hakimiyyətin
qanunverici, icra və məhkəmə qolları arasında səlahiyyət
bölgüsünü təsbit edir. Eyni zamanda dövlətin
demokratik, hüquqi və dünyəvi xarakterini birmənalı şəkildə təsdiqləyir.
1996-cı ildən etibarən
12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü
dövlət səviyyəsində qeyd olunur. Hər il bu gün münasibətilə ölkə üzrə müxtəlif
tədbirlər, elmi konfranslar, maarifləndirici layihələr və rəsmi mərasimlər
keçirilir.
Azərbaycan
Respublikasının Konstitusiyası xalqımızın müstəqil dövlət quruculuğu sahəsində əldə
etdiyi ən böyük nailiyyətlərdən biridir. O, Azərbaycan dövlətinin sabitliyinin,
suverenliyinin və vətəndaş həmrəyliyinin hüquqi təminatıdır.
12 Noyabr – Konstitusiya Günü, həm milli hüquq sistemimizin təntənəsi, həm də dövlətçiliyimizin möhkəm təməli olan azadlıq, ədalət və bərabərlik ideyalarının bayramıdır.
Milli Məclisin deputatı,
Pərvanə Vəliyeva