“AzerGold” QSC-də İndoneziya Respublikasının İnvestisiya və Aşağı Axın Sənayesi nazirinin müavini, İnvestisiyaların Əlaqələndirilməsi Şurasının sədr müavini Todotua Pasaribunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Manset.az xəbər verir ki, görüşdə “AzerGold”
QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Cəmiyyətin 10 illik fəaliyyəti ərzində
əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi strateji layihələr və gələcək
inkişaf hədəfləri barədə məlumat verib.
Tərəflər Azərbaycan və
İndoneziya arasında dağ-mədən sənayesi üzrə investisiya əməkdaşlığının
potensialını və birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə
ediblər. Xüsusilə “AzerGold” QSC-nin İndoneziyada perspektivli mədən layihələrində
investor qismində iştirakı və investisiya tərəfdaşlığının qurulması imkanları ətrafında
fikir mübadiləsi aparılıb.
İndoneziya tərəfi isə
Azərbaycanda həyata keçirilən dağ-mədən layihələrinə, xüsusilə “AzerGold”
QSC-nin strateji layihələrindən olan Daşkəsən dəmir filizi layihəsinə maraq
ifadə edib. Layihənin icra perspektivləri və mümkün əməkdaşlıq istiqamətləri
müzakirə olunub.
Görüşün yekununda tərəflər
qarşılıqlı maraq doğuran layihələr üzrə texniki müzakirələrin davam etdirilməsi
və onların nəticələri əsasında əməkdaşlığın növbəti mərhələlərinin müəyyənləşdirilməsi
barədə razılığa gəliblər.