VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində “Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel sessiya təşkil olunub.
Manset.az xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva çıxışında qeyd edib ki, Azərbaycan əsrlər boyu müxtəlif dini ənənələrin və mədəniyyətlərin qovuşduğu məkan olub: "Ölkəmizdə bir-birinə çox yaxın məsafədə kilsə, sinaqoq və məscidlərə rast gələ bilərsiniz. Bu da qeyd etdiyimiz real multikultural mühitin sübutudur".
Asiya İncəsənəti üzrə Milli Muzeyin direktor müavini Nikol Dovd çıxışında incəsənətə dair müzakirələrin və mədəniyyət festivallarının muzey icmasına marağın artırılmasında rolu barədə danışıb.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova milli muzeylərin yalnız tarixi deyil, həm də xalqların estetik düşüncəsini və tarixən formalaşmış sənət təcrübələrini əks etdirdiyini vurğulayıb.
Beynəlxalq Muzeylər Şurasının (ICOM) vitse-prezidenti Nasir əl-Dərməki təmsil etdiyi qurumun icmalarla, akademik dairələrlə, eləcə də Britaniya Muzeyi, Smitson İnstitutu və Azərbaycan Milli Xalça Muzeyi kimi mədəniyyət müəssisələri ilə əməkdaşlığından bəhs edib.
Digər çıxışlarda da muzeylərin mədəniyyətlərarası dialoqda rolu barədə söhbət açılıb.
Sonda spikerlər auditoriyanın suallarını cavablandırıblar.