Ölkədə avtomobillər niyə yanır? - SƏBƏBLƏR

13:29 - 18 İyul 2025

Ölkədə avtomobillər niyə yanır? - SƏBƏBLƏR

Son vaxtlar ölkə ərazisində avtomobil yanğınlarının sayı artmaqdadır. İstər paytaxt Bakıda, istərsə də bölgələrdə yanan nəqliyyat vasitələri ilə bağlı xəbərlər tez-tez gündəmə gəlir. Bəs bu yanğınların səbəbi nədir? Texniki nasazlıqlar, yoxsa son günlər müşahidə olunan yüksək temperatur?


Mövzu ilə bağlı Manset.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, yanğınların baş verməsinin bir neçə səbəbi mövcuddur:

"Havaların isti keçməsi və bu şəraitdə texniki baxımdan edilən bəzi səhvlər yüksək temperaturun yaranmasına səbəb olur. Mühərrik sistemində həddindən artıq yüksək temperaturun meydana gəlməsi isə alışıma yol açır. Bu baxımdan, sürücülərdən tələb olunan ən vacib məsələ avtomobillərinə düzgün texniki qulluq göstərmələri və isti havada mümkün qədər uzun səfərlərdən çəkinmələridir. Bu, əsasən iqlim şəraiti ilə bağlıdır. Necə ki, qarlı və buzlu yollarda ehtiyatlı oluruq və yola çıxmırıq, eyni yanaşma yüksək temperatur şəraitində də tətbiq olunmalıdır, xüsusən kondisionersiz avtomobillərdə".

Ekspert qeyd edib ki, isti havada sürücülərin hərəkətləri aqressiyaya səbəb ola bilər:

"Yorğunluq, yuxusuzluq, əsəb gərginliyi yaranır ki, bu da müxtəlif xoşagəlməz hallara gətirib çıxarır. Yanğın təhlükəsizliyi ilə bağlı isə sürücülərin məsuliyyəti artırılmalıdır. Təəssüf ki, yanğın söndürən balonun avtomobildə olmaması halında cərimə nəzərdə tutulmur. Buna görə də bir çox sürücü, sadəcə olaraq, texniki baxışdan keçmək üçün dostdan-tanışdan balon alır və sonra geri qaytarır. Məsuliyyətli sürücülər isə bu balonu daim avtomobildə saxlayırlar, lakin çox vaxt bunun özünün də müəyyən qulluq tələb etdiyini unudurlar. Hər il bir dəfə balonun mayesi dəyişdirilməlidir, çünki tərkib dəyişir və artıq effektiv olmur.

Son dövrlərdə həyatımıza daxil olan plug-in hibrid və elektrik avtomobillərinin yanğın təhlükəsizliyi məsələsi isə fərqlidir. Mütəxəssislər bu avtomobillərin ənənəvi yanğın söndürən balonlar ilə nə dərəcədə effektiv şəkildə söndürülə biləcəyini araşdırmalıdırlar. Bu avtomobilləri idarə edən sürücülər hansı yanğın söndürən balonlarından istifadə etməli olduqları barədə suallar açıq qalır. Mütəxəssislərin iştirakı ilə bu məsələni həll etmək lazımdır. Hələlik elektrikli avtomobillərdə ciddi yanğın hadisələri çox az müşahidə olunub, amma bir neçə belə hadisə baş verib və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bildirir ki, bu cür avtomobilləri söndürmək ənənəvi avtomobillərdən daha çətindir, çünki onların yanğına səbəb olan şiddəti daha yüksək olur. Üstəlik, üzərinə tökülən maye bu avtomobillərdə daha pis təsir göstərə bilər. Bu riskləri aradan qaldırmaq üçün əlavə tədbirlər görmək zəruridir.

Ümumilikdə, sürücülər avtomobillərinə vaxtında texniki qulluq göstərməli, elektrik naqilləri və mühərrik sisteminə müdaxilə etməməlidirlər. Bəzən sürücülər sarı rəngli işıqlar və digər xüsusi işıq sistemləri quraşdıraraq və ya səs siqnalı əlavə edərək elektrik sistemində qısaqapanmaya səbəb olurlar, bu isə yanğına yol açır. Yanğınların baş verməsinin digər səbəblərindən biri də suya düşmüş, tsunamiyə məruz qalmış və ya müxtəlif ölkələrdə suyun təsirinə məruz qalmış avtomobillərin ölkəmizə idxalıdır. Təəssüf ki, belə avtomobilləri idxal etmişik və bu gün onlar bir-bir yanmağa başlayır. Su, elektrik sisteminə və digər yanğına meyilli komponentlərə təsir edərək eroziyaya səbəb olub və bu, həmin avtomobillərin yanma riskini artırır".

Məsələ ilə bağlı fikirlərini bölüşən avtomobil ustası Sahil Ağabəvəli isə belə hallarla tez-tez qarşılaşdığını deyib:

"Son zamanlar avtomobillərin yanma halları artmaqdadır. Mənim müşahidəmə görə, adətən avtomobillər ön hissədən, xüsusilə "kapot"un altından yanmağa başlayır. "Kapot"un altında nə var? Yanacağa və elektrik naqillərinə müdaxilə edilir, həmçinin avtomobilin istilik sistemləri burada yerləşir. Bu səbəbdən, yanmalar əsasən avtomobilin ön hissəsində baş verir. Bu cür hadisələr daha çox köhnə avtomobillərdə müşahidə olunur, çünki müdaxilələr və təmir işləri daha çox aparılır.

Avtomobilin naqil sistemində hər hansı bir müdaxilə edildikdə, məsələn, yüksək manikofonlar və ya xenon işıqları quraşdırıldıqda, bu, naqillərin artıq cərəyanla yüklənməsinə səbəb olur. Yüksək yüklənmə naqilin üzərində qızma və nəticədə yanma baş verə bilər. Bəzi ustalar qoruyucu sistemlər quraşdırırlar ki, hər hansı bir problem yaranarsa, əvvəlcə qoruyucu sistem yanaraq avtomobilin yanmasını əngəlləsin. Çünki çox zaman insanlar ucuz xidmətə üstünlük verirlər. Məsələn, bir usta elektrik işini 20 manata görürsə, digər biri 10 manata görür. Bu 10 manata xidmət göstərən ustalar keyfiyyətsiz iş görür və nəticədə yanma hallarına səbəb olur.

Bundan əlavə, yanacaq və mühərrik ətrafında yağ sızmalarının da yanğınlara səbəb olduğunu qeyd etmək lazımdır. Xüsusilə mühərrikin çox isti olduğu hallarda, yağlarda buxarlama prosesi baş verir və bu, yanğına gətirib çıxara bilər. Yanacaq sistemindəki köhnəlmiş borular və ya farsunkaların düzgün bağlanmaması da benzinlə bağlı yanma halları ilə nəticələnə bilər.

S.Ağabəvəli vurğulayıb ki, avtomobilin içində olan hər hansı bir yanıcı maddə, məsələn, alışqan, kağız, qazlı içkilər, sprey və ya əhter günəşin altında saxlanılmamalıdır:

"Bu maddələr qızdıqda yanğına səbəb ola bilər. Həmçinin, avtomobilin içərisindəki təmizlik vasitələri və sprey məhsulları da yalnız günəşdən qorunan yerdə saxlanılmalıdır. Avtomobili uzun müddət günəşin altında saxlamaqdan qaçmaq lazımdır, çünki yanacaq sistemindəki qazlanma prosesləri nəticəsində alışma baş verə bilər".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az