Avstraliyada çimərlikdə aşkar edilən sirli metal kürələrin atmosferə yenidən daxil olan xarici raketin gövdəsindən qopmuş hissələr olduğu açıqlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bu cisimlər böyük ehtimalla raketlərdə yanacaq və ya qazın saxlanılması üçün istifadə olunan təzyiqli çənlərdir.
Kvinslend ştatının "Forrest Beach" sahilində tapılan metal kürələr qısa müddətdə bölgədə maraq və narahatlıq yaradıb. İlk olaraq cümə günü sahildə üç naməlum metal kürə aşkar edilib.
Həftəsonu həmin ərazidə daha üç oxşar cismin tapılmasından sonra aidiyyəti qurumlar təhlükəsizlik tədbirlərini gücləndiriblər. Ərazi mühafizəyə götürülüb və sakinlərə bu cisimlərə yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.
Rəsmilər ehtimal olunan təhlükəni nəzərə alaraq metal kürələrin yerləşdiyi ərazidə 50 metrlik təhlükəsizlik zonası yaradıblar. Vətəndaşlara həmin əşyalara toxunmamaq və onları yerindən tərpətməmək tövsiyə olunub.
Mütəxəssislər bildirirlər ki, kosmosdan Yerə düşən qalıqlar ilk baxışdan zərərsiz görünsə də, tərkibində yanacaq, təzyiqli qaz və ya kimyəvi maddələrin qalıqları ola biləcəyi üçün onlar potensial təhlükə mənbəyi hesab edilir.