Avstraliyada H5 tipli quş qripi səbəbindən vəhşi quşlar arasında kütləvi ölüm halı qeydə alınıb, ölkədə təsdiqlənmiş halların sayı 74-ə çatıb.
Manset.az Avstraliya mediasında yayılan məlumatlara əsasən xəbər verir ki, Birlik Elmi və Sənaye Tədqiqatları Təşkilatı (CSIRO) tərəfindən aparılan analizlər Cənubi Avstraliyanın Baudin Rocks bölgəsində müşahidə edilən kütləvi vəhşi quş ölümlərinin H5 tipli quş qripi səbəbindən baş verdiyini təsdiqləyib.
Cənubi Avstraliya ilə yanaşı, Qərbi Avstraliya, Yeni Cənubi Uels, Kvinslend və Viktoriya ştatlarında da H5 tipli quş qripi ilə əlaqəli vəhşi quş ölümləri təsdiqlənib. Ölkədə təsdiqlənmiş H5 tipli quş qripi hallarının ümumi sayı 74-ə çatıb ki, bunlardan 54-ü Cənubi Avstraliyada qeydə alınıb.
Avstraliyanın Kənd Təsərrüfatı, Balıqçılıq və Meşəçilik naziri Culi Kollins H5 tipli quş qripinin daha da yayılacağının və daha çox heyvana təsir edəcəyinin gözlənildiyini bildirib.
H5 tipli quş qripi səbəbindən vəhşi quşların kütləvi ölümü ilə bağlı ilk halın Cənubi Avstraliyada təsdiqləndiyini qeyd edən Kollins deyib: "Avstraliyanın vəhşi təbiətini qorumaq üçün əlimizdən gələni edəcəyik".
Avstraliyada quş qripinin "H5N1" ştammı ilə bağlı ilk şübhəli hal iyunun 19-da aşkar edilib və iyulun 29-da xəstəliyin vəhşi quşlar arasında "yerli" səviyyədə yayıldığı müəyyən olunub.