Yaponiya Maliyyə Nazirliyi bazar ertəsi açıqlayıb ki, Yaponiya və ABŞ yenin məzənnəsinin son 40 ilin ən aşağı səviyyəsinə enməsinin qarşısını almaq məqsədilə koordinasiyalı şəkildə bazara müdaxilə edərək yen alıblar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, analitiklərin fikrincə, bu addım hər iki ölkənin yen və Yaponiya dövlət istiqrazlarının (JGB) kütləvi satışının qlobal maliyyə bazarlarında mənfi təsirlər yaratmasının qarşısını almaq əzmini nümayiş etdirir. Onların qənaətincə, belə satışlar artıq yüksəlməkdə olan ABŞ dövlət istiqrazlarının gəlirliliyinə əlavə artım təzyiqi göstərə bilər.
Bu, Yaponiyanın şərqində baş vermiş dağıdıcı zəlzələdən sonra 2011-ci ildə yenin məzənnəsinə təsir göstərmək məqsədilə həyata keçirilən koordinasiyalı müdaxilədən bəri ilk belə addımdır.
ABŞ Prezidenti Donald Tramp isə bazar günü bildirib ki, Vaşinqton dostluq əlaməti və dünya iqtisadiyyatına dəstək məqsədilə Yaponiyaya yenin məzənnəsini sabit saxlamaqda kömək edir.