Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Agentliyi (UKMTO) Oman sahillərində neft tankerinin şübhəli hücuma məruz qaldığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ və İran arasında gərginlik Hörmüz boğazında təhlükəsizliklə bağlı narahatlıqların artmasına səbəb olmaqda davam edir. UKMTO-nun açıqlamasında neft tankerinin Oman sahillərində Əş-Şişa bölgəsindən təxminən 16,6 kilometr şimal-şərqdə şübhəli hücuma məruz qaldığı bildirilib.
Açıqlamada gəmiyə dəyən naməlum cismin mühərrik bölməsinə ciddi ziyan vurduğu və tankerin hərəkət qabiliyyətini itirdiyi qeyd olunub.
“Müəyyən edilən məlumata görə, heyət təhlükəsiz vəziyyətdədir. Hadisənin ətraf mühitə mümkün təsiri barədə hələlik dəqiq məlumat yoxdur”, – deyə açıqlamada bildirilib.
Bölgədəki gəmilərə ehtiyatla hərəkət etmək və şübhəli halları UKMTO-ya bildirmək tövsiyə olunub.
Hadisə ilə bağlı ətraflı araşdırmaya başlanıldığı qeyd edilib.