ABŞ administrasiyasının ölkədə sığınacaq almaq üçün müraciət etmiş təxminən 200 min əcnəbinin vizalarını ləğv etməyə hazırlaşdığı iddia olunur. Uzun müddətdir sığınacaq prosesi davam edən şəxslərin turizm və iş vizalarını itirəcəkləri bildirilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sənədləri və məsələ barədə məlumatlı iki rəsmi şəxsin verdiyi məlumata əsaslanan xəbərə görə, ABŞ hökuməti bəzi B1 və B2 vizalarını ləğv etməyi planlaşdırır.
Bu çərçivədə ABŞ Dövlət Departamentinin 2016–2026-cı illər arasında verilmiş və sahibləri sığınacaq üçün müraciət etmiş və ya hazırda sığınacaq prosesi davam edən təxminən 200 min əcnəbinin iş və turizm vizalarını ləğv etməyə hazırlaşdığı bildirilir.
Xəbərə görə, rəsmilər mümkün viza ləğvindən sonra həmin şəxslərin dərhal ölkədən çıxarılmayacağını bildiriblər. Hazırda sığınacaq müraciətlərinə baxılmasını gözləyən şəxslərin əksəriyyətinin hüquqi statusunun yenidən müəyyənləşdiriləcəyi, lakin onların iş və ya turizm məqsədilə ABŞ-a səfər edən şəxslər kimi əvvəlki statuslarını itirəcəkləri qeyd edilib.
Xəbərdə həmçinin bildirilir ki, son 18 ay ərzində ABŞ Dövlət Departamenti avtomobili sərxoş vəziyyətdə idarə etməkdən tutmuş zorlama və soyğunçuluğa qədər müxtəlif cinayətlərə görə məhkum edilmiş və ya ittiham olunmuş şəxslərin, eləcə də xüsusilə Yaxın Şərqdə ABŞ siyasətini açıq şəkildə tənqid edən şəxslərin təxminən 175 min vizasını ləğv edib.