ABŞ ordusu Karib dənizində narkotik maddə daşıdığı müəyyən edilən qayığa zərbə endirildiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat nəticəsində 4 nəfərin öldürüldüyü bildirilib.
ABŞ ordusu dəniz yolu ilə narkotik qaçaqmalçılığı ilə məşğul olan kartellərə qarşı əməliyyatlarını davam etdirir. ABŞ Cənub Komandanlığının (SOUTHCOM) açıqlamasında Komandanlıq rəhbəri general Frensis L. Donovanın göstərişi ilə Karib dənizində narkotik maddə daşıdığı müəyyən edilən qayığa zərbə endirildiyi bildirilib.
Açıqlamada əldə edilən kəşfiyyat məlumatlarının qayığın narkotik maddə daşıdığını təsdiqlədiyi vurğulanıb. Əməliyyat nəticəsində 4 “narko-terrorçunun” öldürüldüyü qeyd olunub.
SOUTHCOM rəhbəri general Frensis L. Donovan kartellərə qarşı dəqiq və ölümcül zərbələrin davam etdirildiyini bildirib.
“Biz bu narko-terrorçu şəbəkələrini məhv edəcək, dağıdacaq və darmadağın edəcəyik. SOUTHCOM regionda, eləcə də ABŞ ərazisinə qədər uzanan ərazilərdə kartellərin törətdiyi terror və zorakılığa son qoymaq əzmindədir”, – deyə Donovan bildirib.