“Razonque” adlı dərman mədəaltı vəzi xərçənginin müalicəsində yeni mərhələnin başlanmasına səbəb olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ənənəvi müalicə üsullarına davamlı olan KRAS genini hədəf alan daraxonrasib müalicəsi ABŞ Qida və Dərman Administrasiyasından (FDA) təsdiq alıb. Yeni dərmanın xəstələrin orta yaşam müddətini kimyaterapiya ilə müqayisədə təxminən iki dəfə artırdığı bildirilir.
FDA “Revolution Medicines” şirkətinin istehsal etdiyi və gündəlik qəbul edilən “Razonque” (daraxonrasib) dərmanının istifadəsinə icazə verib. Tədqiqatçılar bu inkişafı mədəaltı vəzi xərçənginin müalicəsində “dönüş nöqtəsi” kimi qiymətləndirirlər.
Dərman əvvəllər müalicə almış metastatik mədəaltı vəzi xərçənginə tutulmuş 500 xəstə üzərində sınaqdan keçirilib. Nəticələrə görə, daraxonrasib qəbul edən xəstələrdə orta yaşam müddəti 13 ay olub. Kimyaterapiya alan xəstələrdə isə bu göstərici orta hesabla 6 ay təşkil edib.
Dərman hüceyrələrin böyüməsini tənzimləyən və xərçəng xəstəliklərində geniş yayılan KRAS genini hədəf alaraq təsir göstərir. Uzun illər xərçəng müalicəsinin əsas hədəflərindən biri hesab olunan bu gen ənənəvi müalicə üsullarına yüksək davamlılıq göstərib. Daraxonrasib isə KRAS geninin iştirakı ilə yaranan zülalların fəaliyyətini bloklayaraq xərçəng hüceyrələrinin böyüməsini dayandırır.
“Razonque”un sınaq nəticələri Amerika Klinik Onkologiya Cəmiyyətinin toplantısında təqdim edilərkən salondakı iştirakçılar yeni dərmanı ayaqüstə alqışlayıblar.