12.3 milyard dollar sərvəti olan rusiyalı iş adamı Mixail Fridman bank kartları ləğv edildiyi üçün Londondakı evindən çölə çıxa bilmədiyini bildirib.
Manset.az-ın məlumatına görə, sanksiyaların hədəflərindən biri də Rusiyanın investisiya nəhəngi “Alfa Group”un qurucularından olan Mixail Fridman olub.
Forbes-in məlumatına görə, Fridmanın sərvəti 12,3 milyard dollardır. 2015-ci ildən Londonda yaşayan məşhur iş adamının hazırda bu böyük sərvətə çıxışı yoxdur.
Fridman bildirib ki, İngiltərə hakimiyyəti yemək almaq və taksi tutmaq üçün ona müəyyən məbləğdə pul xərcləməyə icazə verməlidir. “Mən heç kimi axşam yeməyinə apara bilmirəm. Evdə yemək yeməliyəm. Əslində ev dustağıyam” deyə əlavə edib.
Bundan əlavə, Fridman CBS televiziyasına verdiyi müsahibədə ona qarşı tətbiq edilən sanksiyaları televiziyadan öyrəndiyini bildirib: “Təqsirsizlik prezumpsiyası və buna bənzər şeylər nə oldu? Bu, bəzi naməlum bürokratların məni qabaqcadan mühakimə etməsi nəticəsində alınan bir qərardır. Çünki mən rusiyalı oliqarxam”.