İsraildə hökumətin mübahisəli məhkəmə islahatlarına reaksiyalar davam edir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail iqtisadiyyatının təməl daşlarından biri olan yüksək texnologiyalı (Hi-Tech) sektoru Baş nazir Benyamin Netanyahu hökumətinin tətbiq etmək istədiyi məhkəmə islahatına qarşı qəti addımlar atır.
Bazar dəyəri 2 milyard dolları keçən Verbit proqram təminatı şirkətinin qurucusu Livne də keçən həftə bir şirkətin məhkəmə islahatına qarşı İsraildəki aktivlərini geri çəkmək qərarını elan etdikdən sonra eyni qərarı verdiyini açıqlayıb.
İsraildə yayımlanan Kanal 12 televiziyasına danışan Livne yüksək məbləğdə vergi ödədiyinə diqqət çəkərək, "İsraili tərk etməyi və bu səbəbdən burada vergi ödəməyi dayandırmağı planlaşdırıram" – deyib.
Digər şirkətləri məhkəmə islahatına etiraz etməyə çağıran Livne, "Ümid edirəm ki, başqaları da mənə qoşulacaq. Biz iqtisadiyyatın hərəkətverici qüvvəsiyik. İnanıram ki, biz bu addımları atanda hökumət danışıqlar masasına oturub bizə daha çox diqqət yetirəcək” – deyib.
İsrailin maliyyə naziri Bezalel Smotrich, Twitter hesabında, "Biz İsraili yəhudi, demokratik, güclü və iqtisadi cəhətdən inkişaf etmiş bir ölkə olaraq saxlayacağımıza söz veririk. Beləliklə, sizin və hər bir yəhudinin hər zaman qayıdacaq bir evi olacaq" - ifadələrindən istifadə edib.
Digər yüksək texnologiya şirkəti "Papaya Global" da ötən həftə şirkətin İsraildən pulunu geri çəkməyə qərar verdiyini açıqlayıb.
Şirkətin direktoru Eynat Guez Twitter hesabında "Baş nazir Netanyahunun demokratiya və iqtisadiyyata zərər verəcək islahatları həyata keçirməkdə qərarlı olduğu bəyanatından sonra şirkətin bütün pullarını İsraildən çıxarmaq qərarına gəldik" - deyə yazı paylaşmışdı.
Manşet.az