Meksikadakı Popocatepetl vulkanının tüstü və kül püskürməsindən sonra ölkə sarı həyəcan səviyyəsinə keçib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, vulkandan yayılan kül səbəbiylə paytaxt Mexikodakı iki beynəlxalq hava limanından uçuşların 3 gün müddətinə təxirə salındığı, Puebla və Tlaxcala əyalətlərində təhsilin dayandırıldığı bildirilib. Meksika Milli Fəlakətin Qarşısının Alınması Mərkəzi vulkanda müşahidə edilən dəyişikliklərlə əlaqədar "Mərhələ 3 Sarı Vulkan Siqnalının" elan edildiyini açıqlayıb.
Açıqlamada, Puebla və Morelos əyalətlərinin sərhədindəki vulkanda mayın 21-dən bu yana əksəriyyəti kiçik miqyasda ümumilikdə 573 püskürmənin qeydə alındığı bildirilib. Partlayışlara və kül yağışına qarşı ictimaiyyətə xəbərdarlıq edilib və vulkandan yayılan tüstünün insan sağlamlığına zərər verə biləcəyi qeyd edilib.
Vulkanlar üçün sarı xəbərdarlıq orta dərəcədə püskürmələr, kül leysanları və ətraf ərazilərə maqma axınından xəbər verir. Bu çərçivədə zərurət olmadıqca çölə çıxmamaq və maskadan istifadə edərək tüstüdən birbaşa nəfəs almamaq barədə xəbərdarlıqlar edilir.
Manşet.az