Avropa Birliyi İsrail-Həmas hadisələri ilə bağlı zorakılıq və dezinformasiya ehtiva edən şəkilləri X-dən silmək üçün İlon Maska 24 saat vaxt verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, AB Komissiyasının rəqəmsal xidmətlərə cavabdeh olan üzvü Thierry Breton əvvəllər adı “Twitter” olan X platformasının sahibi İlon Maska məktub göndərib.
Breton göndərdiyi məktubda HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadalarının İsrailə hücumundan sonra son günlər X sosial media platformasında zorakılıq ehtiva edən qeyri-qanuni məzmun və dezinformasiyanın yayıldığını, həmçinin, xəbərdarlıqlara baxmayaraq bu məzmunda olan materialların silinmədiyini bildirib.
Breton qeyd edib ki, X platformasında çoxlu yalan və manipulyasiya edilmiş görüntü və məlumatlar, hətta, İsrail-Fələstin münaqişəsi ilə heç bir əlaqəsi olmayan köhnə şəkillər və kompüter oyunlarından parçalar da var.
Bu səbəbdən Breton, X platformasından lazımi ehtiyat tədbirləri görməsini və bu barədə öz komandasına məlumat verməsini, X rəsmilərinin Europol və müvafiq hüquq-mühafizə orqanları ilə əlaqə saxlamasını və müraciətlərə operativ cavab verilməsini xahiş edib.
Əfsanə Rəcəb
Manşet.az