Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub.
Manset.az xəbər verir ki, şəhərdəki orta məktəblərdən birinin 42 şagirdi xəstəxanaya yerləşdirilib.
Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir.
***
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, 02.10.2026-cı il tarixində saat 10:20 radələrində 14 nəfər (11 kişi cinsli, 3 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Mərkəzin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
***
Sumqayıtda məktəbdə kütləvi zəhərlənmə olub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsindən verilən məlumata görə, məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
“Şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.
Şagirdlərdən biri tərəfindən evdən gətirilmiş qənnadı məmulatından sinif yoldaşlarının da istifadə etdiyi müəyyən olunub. Həmin qidadan istifadə etdikdən sonra məktəblilər özlərini pis hiss ediblər”.
***
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı qurum tərəfindən araşdırma aparılır.
Manset.az xəbər verir ki, açıqlamada deyilir:
“Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, ötən gün Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbin 7 şagirdi də şirniyyatdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.