UEFA İngiltərə Premyer Liqa klublarının Çempionlar Liqası üçün iştirak ərizələrinin genişləndirilməsi ilə bağlı müraciətini qəbul etməyib. İngilislər sifariş ərizəsinə 28 oyunçunun adını daxil edilməsini təklif edib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, məsələ fevral ayında UEFA-nın klub komitəsinin iclasında müzakirə olunsa da, mayın 20-də İstanbulda keçiriləcək İcraiyyə Komitəsinin gündəliyinə daxil edilməyib. Nəticədə, növbəti mövsüm üçün heyət limiti dəyişməz qalaraq 25 futbolçu olaraq təsdiqlənib.
Qeyd edək ki, İngiltərə Premyer Liqası klubları yarışların genişlənməsi, oyun sayının artması, zədə və yorğunluq riskinin yüksəlməsini əsas gətirərək heyətin böyüdülməsini istəyirdilər.
Lakin qərarın qəbul olunmamasında İspaniya klublarının mövqeyi həlledici olub. “Atletiko” Madrid, “Sevilya” və “Real Sosyedad” bu təşəbbüsə qarşı çıxaraq, Premyer Liqa təmsilçilərinin maliyyə üstünlüyü sayəsində daha da güclənə biləcəyindən narahat olduqlarını bildiriblər.
Bundan əlavə, Avropada belə bir fikir də var ki, “ölkə qorunması prinsipi” səbəbindən İngiltərə klubları liqa mərhələsində bir-birilə qarşılaşmır və bu da onların pley-offa çıxışını nisbətən asanlaşdırır. Cari mövsümdə Premyer Liqanın ÇL-dəki bütün 6 təmsilçisi 1/8 finala yüksəlsə də, yalnız “Arsenal” və “Liverpul” 1/4 finala vəsiqə qazana bilib.
Xatırladaq ki, ötən mövsümdən etibarən Çempionlar Liqasında 36 komandalı liqa mərhələsi tətbiq olunur və bu da iştirakçı klublar üçün əlavə oyun yükü yaradır. Məsələyə 2027/28 mövsümü ərəfəsində yenidən baxıla bilər.