UEFA Çempionlar Liqasının üçüncü turunda səfərdə “Lill”lə qarşılaşacaq “Qalatasaray” oyun öncəsi Fransadakı azarkeşləri üçün məlumat yayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisi stadiona gediş, giriş saatları və təhlükəsizlik yoxlamaları ilə bağlı vacib məlumatları açıqlayaraq azarkeşləri diqqətli olmağa çağırıb.
Klubun sosial şəbəkə hesablarında “Fransadakı böyük “Qalatasaray” azarkeşlərinin diqqətinə!” başlığı ilə yayımlanan açıqlamada oyunu tribunadan izləyəcək azarkeşlərin əməl etməli olduqları qaydalar sadalanıb. Məlumatda stadiona çatmaq, giriş-çıxış saatları və təhlükəsizlik yoxlamaları ilə bağlı vacib məqamlar diqqətə çatdırılıb.
“Qalatasaray” klubunun açıqlamasında “Lill”lə oyun üçün stadion qapılarının yerli vaxtla saat 16:45-də açılacağı bildirilib. Azarkeşlərə toplaşma məntəqəsi kimi müəyyənləşdirilən Lill şəhərindəki Qrand-Plas meydanının yaxınlığında yerləşən Riu metro stansiyasından ən gec saat 15:45-də yola düşmək tövsiyə olunub.
Açıqlamada Riu stansiyasından yola çıxan azarkeşlərin 4 Kantons metro stansiyasında düşdükdən sonra təxminən 15 dəqiqə piyada gedərək stadiona çata biləcəkləri qeyd edilib. Həmçinin stadionun girişində biletlərin yoxlanılacağı və şəxsi axtarışın aparılacağı bildirilib.
Klub azarkeşlərə yalnız onlar üçün ayrılmış qonaq tribunalarına daxil olmağa icazə veriləcəyini, digər tribunlara keçidin isə qadağan edildiyini xatırladıb.