Aprelin
30-da Azərbaycan Dillər Universitetində (ADU) “Vətən müharibəsi tarixi. Şəxsiyyət
faktoru” kitabının fransız və urdu dillərində tərcümələrinin təqdimatı
keçirilib.
Manset.az xəbər verir ki, ADU-nun
rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, tədbirin önəmindən
danışıb. Qeyd olunub ki, “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” adlı
kitabın fransız və urdu dillərinə tərcüməsi mühüm əhəmiyyətə malikdir:
“Bu gün
biz çox faydalı və son dərəcə ciddi bir kitabın tərcüməsinin təqdimatına
toplaşmışıq. “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı Zəfər təntənəsinin,
onun əsas ilhamverici qüvvəsinin əks olunduğu möhtəşəm bir kitabdır. Bu kitabı
çapa Bakı Şəhər İcra Hakimiyyəti hazırlayıb. Buna görə Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Eldar Əzizova və əməyi keçən bütün insanlara təşəkkürümü bildirirəm.
Kitabın
fransız və urdu dillərinə tərcümə olunması böyük məna daşıyır. Bildiyiniz kimi
bundan əvvəl də bir neçə dilə tərcümə olunan kitabın əks-sədası artıq dünyanın
bir sıra ölkələrindən eşidilməkdədir. Nəhayət ki, biz öz həqiqətlərimizi
dünyanın hər yerinə çatdıra bilirik. Cənab Prezident, Ali Baş Komandan İlham
Əliyevin müdrik siyasəti nəticəsində bu gün Azərbaycan həqiqətlərini bütün
dünya qəbul edir”.
Bakı Şəhər
İcra Hakimiyyətinin ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş
şöbəsinin müdiri Elmin İmanov “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru”
kitabı haqqında məlumat verib. Qeyd olunub ki, Vətən müharibəsində qazanılan
şanlı Qələbə dövlətimizin başçısı İlham Əliyevin müdrik sərkərdəlik qabiliyyəti
sayəsində əldə olunub.
Kitabın əsas
xüsusiyyəti Azərbaycanın Vətən müharibəsi tarixini tamamilə yeni bir rakursdan,
şəxsiyyət amili baxımından nəzərdən keçirilməsindən ibarətdir.
Fransız
dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, professor Gülnarə
Sadıxova çıxışında “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının
perspektivləri haqqında danışıb.
O,
bildirib ki, Vətən müharibəsinin bitməsinə baxmayaraq, Azərbaycana qarşı
ideoloji və informasiya müharibəsi hələ də başa çatmayıb. Kitabın fransız
dilində nəşr olunması böyük strateji əhəmiyyətə malikdir.
ADU-nun
Pakistan dili və mədəniyyət mərkəzinin rəhbəri Athar Mahmood Azərbaycanın Vətən
müharibəsində əldə etdiyi tarixi qələbənin nəticələrindən söz açıb. Fransız
dili leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Kəmalə Kərimova
“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının vacibliyini diqqətə
çatdırıb.
Bildirilib ki, kitabda Prezident İlham Əliyevin 44 günlük müharibə ilə bağlı mülahizələri fransız dilində oxuculara təqdim edilib.
Daha
sonra ADU-nun magist və bakalavr tələbələri: İngilis və fransız dilləri fakültəsinin
228 a qrup tələbəsi Səyyarə Məlikova, Xədicə Alışova, 228 c qrup tələbəsi Nərmin
Yusifzadə, Rüqəyya Həmzəyeva, Heyran Yəhyayeva, Nilufər Məlikzadə, Magistratura
şöbəsinin dilşünaslıq ixtisası, 209-cu qrup tələbəsi Mədinə Yusifova və 330 a
qrup tələbəsi Xanım Hüseynova video-slayd şəklində “Vətən müharibəsi tarixi. Şəxsiyyət
faktoru” kitabının bölmələrinin qısa izahını
veriblər.