İşarət dili yalnız bu televiziyalara tətbiq ediləcək - Rəsmi

11:45 - 06 May 2025

İşarət dili yalnız bu televiziyalara tətbiq ediləcək - Rəsmi

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilən 12.1-ci maddəyə əsasən televiziyalarda işarət dilinin tətbiqi yalnız dövlət büdcəsi hesabına maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları üçün nəzərdə tutulub”.


Manset.az Apa-ya istinadən xəbər verir ki, bunu Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev bildirib.

O qeyd edib ki, bu kateqoriyaya “Azərbaycan Televiziya və Radio Verilişləri QSC”nin üç redaksiyası: “AZTV”, “İdman TV” və “Mədəniyyət TV", həmçinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin “İTV” redaksiyası aiddir:

"Bu əlavə, praym-taym zamanı - həftə içi saat 19:00-23:00, həftəsonu və qeyri-iş günləri saat 17:00-23:00 aralığında - təqdim edilən informasiya proqramlarını - xəbər buraxılışlarını əhatə edir və digər janrda olan proqramlara şamil edilmir. Qeyd olunan yayımçıların prosesə başlaması üçün, təbii ki, müvafiq vaxt aralığı tələb olunur. Bu istiqamətdə Şura yaxın vaxtlarda yayımçılarla görüşlərin təşkili, onların hazırlıq vəziyyətlərinin öyrənilməsini planlaşdırır. Həmin görüşlərdən sonra konkret başlama vaxtını müəyyən etmək mümkün olacaq. Düşünürük ki, surdo-tərcümənin qısa zamanda tətbiq edilməsi mümkündür".

O bildirib ki, öhdəliyi olan yayımçıların mütəmadi monitorinqləri də Şura tərəfindən aparılacaq. Sanksiya və cəza tədbirləri ilə bağlı konkret qanunvericiliyin tələbləri müəyyən edilməsə də, Şura nəzarət mexanizmini müntəzəm icra edəcək:

"Özəl yayımçıların qanundakı son dəyişikliklərlə bağlı konkret öhdəliyi yoxdur. Amma onların bu prosesə cəlb olunması arzuolunandır. Şura həmin yayımçıların təşviq edilməsi, məlumatlandırılması istiqamətində maarifləndirici tədbirlər də nəzərdə tutur. İşarət dilinin tərcüməsini müvafiq təhsil və ixtisasa malik şəxslər həyata keçirir. Surdo-tərcüməçilərin kriteryalarının müəyyən edilməsi, işə qəbul edilməsi məsələsində Şuranın hər hansısa bir rolu yoxdur. Bununla bağlı proses şəxs və televiziya kanalı arasında işçi - işə götürən münasibətləri çərçivəsində həll ediləcək və bütün öhdəlik yayımçılara məxsus olacaq".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv