Bir müddət əvvəl Prezident İlham Əliyev Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bir sıra elmi-tədqiqat institutları birləşdirilib və onların bazasında yeni institutlar yaradılıb. Birləşdirilən institutlar sırasına İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu da daxildir. Onların əsasında Riyaziyyat İnstitutu yaradılacaq.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib ki, institutun fəaliyyətində hələlik dəyişiklik yoxdur:
“Hələlik Elm və Təhsil Nazirliyinin Elmi Tədqiqat İnstitutu kimi fəaliyyətimizi davam etdiririk. Yəqin ki, bu yaxınlarda bir tədbir görülər və biz də o tədbirə uyğun işimizi davam etdirərik”.
M.Mərdanov yeni yaradılacaq instituta rəhbərliyin ona həvalə ediləcəyi ilə bağlı iddialara da cavab verib:
“Mənim bu barədə məlumatım yoxdur. Rəhbərliyin kimə həvalə ediləcəyini ancaq direktoru təyin edən şəxslər bilə bilər. Mən bu barədə heçnə bilmirəm, bildiyim tək şey iki institutun bazasında yeni bir institutun formalaşdırılacağıdır”.