Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər
Akademiyası ilə BP şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Manset.az xəbər verir ki, bununla
əlaqədar keçirilən tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə
həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılmış əlverişli şəraiti
qeyd edib, cənab Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və
qayğını vurğulayıb.
Tədbirdə
həmkarlar ittifaqları sistemində aparılan islahatlar, həyata keçirilən layihələrdən
danışılıb, “Kurort” Turizm İnformasiya Mərkəzinin, həmçinin Əməyin Mühafizəsi və
Hüquqi Yardım Mərkəzinin fəaliyyəti diqqətə çatdırılıb. Bildirilib ki, ittifaq
üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının
qorunması, müalicəsi və istirahətinin səmərəli təşkili istiqamətində kompleks tədbirlər
görülür.
Vurğulanıb
ki, AHİK tərəfindən özəl sektorla əməkdaşlığa xüsusi önəm verilir, bu sahədə
çalışanların həmkarlar ittifaqlarında birləşməsinə dəstək göstərilir.
Konfederasiya sədri Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tədrisin
keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı görülən işlər barədə məlumat
verib, Akademiyada yeni yaradılan İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin
artıq müxtəlif sahələr üzrə təlimlər, seminarlar və təcrübə mübadilələri üçün əlverişli
platformaya çevrildiyini bildirib.
Tədbirdə
həmçinin BP şirkəti ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti diqqətə çatdırılıb, sənədin
qarşılıqlı əlaqələrin güclənməsinə, əməkdaşlığa, faydalı təcrübə mübadiləsinə
geniş imkanlar yaradacağı qeyd edilib.
Sonra AHİK-in fəaliyyəti, “Layiqli Əmək Səfirləri”,
“Həmkardan həmkara qayğı ilə” və "AHİK
Plus" layihələrindən bəhs edən videomateriallar nümayiş olunub.
BP-nin
Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar
Aslanbəyli şirkətin Azərbaycan iqtisadiyyatının, neft-qaz sənayesinin
inkişafına verdiyi töhfədən, ölkəmizdə insan kapitalına yönəlmiş təşəbbüslərindən,
xüsusilə təhsil və peşə hazırlığı sahəsinə dəstəyindən danışıb, Konfederasiyanın
həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.
Sonda
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə BP şirkəti arasında
Anlaşma Memorandumu imzalanıb.
Sənədi
Akademiyanın rektoru vəzifəsini icra edən Yusif Ağayev və BP-nin Xəzər
regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar
Aslanbəyli imzalayıblar.
Memorandum
təhsil və təcrübə proqramlarının təşkili, birgə layihələrin həyata keçirilməsi,
innovativ təşəbbüslərin dəstəklənməsi kimi sahələrdə konkret nəticələrə əsaslanmaqla
hər iki tərəf üçün faydalı olacaqdır.