Mayın
19-da Macarıstanın Elte Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin
açılışı olub.
Manset.az xəbər verir ki, mərkəzin
açılışında Elte Universitetinin rektoru Laszlo Borhy, Azərbaycanın
Macarıstandakı səfiri Tahir Tağızadə, Macarıstanın Azərbaycandakı səfiri Tamaş
Torma, ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, millət
vəkili Tamam Cəfərova, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova,
Macarıstandakı Azərbaycan evinin rəhbəri İbrahim Səfərli çıxış ediblər.
Qeyd
olunub ki, Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışı iki ölkə arasında
elmi, mədəni, siyasi, təhsil sahəsində tərəfdaşlıq münasibətlərinə öz müsbət
töhfəsini verəcəkdir.
Elte
Universitetinin rektoru Laszlo Borhy ADU ilə əlaqələrin inkişafında yeni açılan
Azərbaycan dili və mədəniyyəti mərkəzinin xüsusi rola malik olacağını
vurğulayıb. Bildirib ki, ADU-da fəaliyyət göstərən Macar dili və mədəniyyəti mərkəzi
ilə qarşılıqlı əlaqələrin qurulması fonunda yeni layihələr, müəllim-tələbə
mübadiləsi proqramları həyata keçiriləcək.
ADU-nun
Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova ADU-nun rektoru, akademik
Kamal Abdullanın salamlarını çatdırıb, mərkəzin açılışı ilə bağlı ünvanlanan təbrik nitqini oxuyub. O, qeyd edib ki, Azərbaycan
Dillər Universiteti beynəlxalq əlaqələrini daha da genişləndirir və bu istiqamətdə
xaricdə açılan mərkəzlərin xüsusi yeri var: "Bu mərkəzin açılışı əlamətdar
hadisədir. Burada Azərbaycan mədəniyyətinin və dilinin öyrənilməsi, ciddi
elmi-təqiqat işlərinin aparılması ilə bağlı böyük perspektiv var”.
Jalə Qəribova
mərkəzin açılışında göstərdiyi böyük dəstəyə görə Elte Universitetinin Türk
dilləri departamentinin müdiri professor Benedek Periyə təşəkkürünü bildirib.
Sosial məsələlər
və ictimaiyyətlə əlaqələr üzrə prorektor, Milli Məclisin Azərbaycan-Macarıstan dostluq qrupunun üzvü
Tamam Cəfərova iki ölkə arasında qarşılıqlı əlaqələrin yüksələn xəttlə
inkişafının perspektivlərindən söz açıb.
Görüşdə
Azərbaycan və Macarıstan arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa
əsaslanan strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu qeyd olunaraq, ölkələrimizin
siyasi, iqtisadi, təhsil və digər sahələrdə fəal əməkdaşlıq etdikləri diqqətə
çatdırılıb: “Parlamentlərarası münasibətlər iki ölkə arasındakı inkişafa böyük
töhfə verib. Yeni mərkəzin açılması iki ölkə arasında olan sıx tərəfdaşlıq və
dostluq münasibətlərinə öz müsbət təsirini göstərəcəkdir”.
Azərbaycanın
Macarıstandakı səfiri Tahir Tağızadə Azərbaycan dili və mədəniyyəti mərkəzinin əhəmiyyətindən
danışarkən qeyd edib ki, Azərbaycan Dillər Universiteti ilə Elte Universiteti
arasında tərəfdaşlıq münasibətlərinin inkişafı iki ölkə arasında mövcud olan
elmi, mədəni əlaqələrin inkişafına təkan verəcək. Tahir Tağızadə Azərbaycan
Respublikasının prezidenti İlham Əliyevin TÜRKPA-nın spikerləri ilə görüşündəki
çıxışından sitat gətirib: “Cənab Prezident bildirdi ki, Macarıstan Azərbaycanın
Avropa İttifaqındakı bir nömrəli strateji tərəfdaşıdır. Möhtərəm prezidentimiz
İlham Əliyev bildirib ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz
yoxdur. Məhz bu mənada mərkəzin açılması siyasi amil kimi xüsusi dayaq nöqtəsidir”.
ADU-nun
yüksək elmi potensialından danışan səfir deyib ki, ADU-da multikultural ab-hava
kifayət qədər münbitdir. Bu da təhsil müəssisəsində bir sıra xarici ölkələrin
dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti üçün əlverişli imkanlar yaradır.
ADU-nun
rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə xarici ölkə universitetlərində
yaradılan Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin fəaliyyəti ölkələr
arasında olan münasibətlərin inkişafına öz töhfəsini verməkdədir.
Tədbirdə
ölkələr arasında qarşılıqlı elmi əməkdaşlıqla bağlı irəli sürülən dil və mədəniyyət
mərkəzlərinin fəaliyyəti ideyasının orijinallığı xüsusi olaraq vurğulanıb.
Azərbaycanda
təhsil almış ilk Macar tələbə, professor Maria Kenessey Macarıstanda Azərbaycan
dili və mədəniyyəti mərkəzinin açılmasının son dərəcə sevindirici bir hadisə
olduğunu söyləyib.
Mərkəzin
açılması münasibəti ilə təbriklərini çatdıran professor Maria Kenessey gənclərə
təhsil həyatında uğurlar arzu edib.