8 Noyabr Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi qələbəni deyil, həm də uzun illər davam edən işğala son qoyulmasını, tarixi ədalətin bərpasını və xalqımızın milli iradəsinin nümayişini ifadə edir.
Qələbəyə aparan yol Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından, Birinci Qarabağ müharibəsindən, torpaqlarımızın işğalından və bir milyondan çox insanın doğma yurdlarından didərgin düşməsindən keçib. İşğal nəticəsində şəhər və kəndlərimiz dağıdılıb, tarixi və dini abidələrimizə ziyan vurulub, insanların fundamental hüquqları pozulub.
Münaqişənin hüquqi tərəfinə gəldikdə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələri xüsusi əhəmiyyət daşıyır. Həmin sənədlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təsdiqlənir, işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılması tələb edilirdi. Lakin beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, bu qətnamələr uzun illər icra olunmadı.
Azərbaycan isə bütün bu müddət ərzində ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi saxladı. Ölkəmiz ordu quruculuğunu, iqtisadi və müdafiə potensialını gücləndirərək tarixi qələbənin əsaslarını formalaşdırdı.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin mövqelərimizi və yaşayış məntəqələrimizi növbəti dəfə atəşə tutmasından sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən müharibədə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və ümumilikdə 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edildi.
Müharibənin taleyini müəyyən edən əsas hadisə noyabrın 8-də Şuşanın azad edilməsi oldu. Şuşa Azərbaycanın yalnız strateji şəhəri deyil, həm də milli mədəniyyətimizin və tarixi yaddaşımızın mühüm mərkəzidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin həmin gün səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” bəyanatı xalqımızın 30 ilə yaxın davam edən gözləntisinin gerçəkləşdiyini dünyaya nümayiş etdirdi.
Bu qələbənin arxasında uzun illər aparılan ordu quruculuğu, müasir hərbi texnologiyaların tətbiqi, iqtisadi güc və düzgün hərbi strategiya dayanırdı. Xüsusilə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, hərbi-strateji qərarları və uğurlu diplomatik fəaliyyəti Zəfərin əldə olunmasında mühüm rol oynadı. Xalqımızın ordu ilə nümayiş etdirdiyi birlik və həmrəylik isə qələbənin əsas dayaqlarından biri oldu.
Azərbaycanın qələbəsi beynəlxalq hüququn dövlətlərin suverenliyi, ərazi bütövlüyü və özünümüdafiə hüququ prinsipləri ilə bağlı idi. BMT Nizamnaməsinin 2-ci və 51-ci maddələri bu məsələdə mühüm hüquqi əsaslar yaradırdı.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Kapitulyasiya aktına imza atmağa məcbur olan Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana geri qaytarmalı oldu. Bununla Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ başa çatdı.
Lakin dövlət suverenliyinin bütün ölkə ərazisində tam təmin edilməsi prosesi 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirlərindən sonra yekunlaşdı. Beləliklə, 2020-ci il Zəfəri ərazi bütövlüyünün bərpasında həlledici mərhələ, 2023-cü il hadisələri isə bütün ərazilərimizdə dövlət hakimiyyətinin və konstitusiya quruluşunun təmin edilməsi baxımından tarixi əhəmiyyət daşıdı.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla noyabrın 8-i Zəfər Günü elan edildi. Bu qərar Şuşanın azad edilməsinin və xalqımızın tarixi qələbəsinin dövlət səviyyəsində hüquqi-siyasi qiymətinin ifadəsi oldu.
Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsidir. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması və insanların doğma torpaqlarında təhlükəsiz yaşayışının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Bu prosesdə mina təhlükəsinin aradan qaldırılması, məcburi köçkünlərin hüquqlarının qorunması və davamlı yaşayış şəraitinin yaradılması xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda, Zəfərin hansı qiymətə başa gəldiyini unutmamalıyıq. Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və müharibə iştirakçılarının xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaq. Zəfər tarixinin gələcək nəsillərə düzgün çatdırılması da mühüm vəzifəmizdir.
Azərbaycanın qələbəsi Cənubi Qafqazda yeni siyasi reallıqlar yaratdı. Bu gün ölkəmiz regionda davamlı sülhün, əməkdaşlığın və iqtisadi əlaqələrin inkişafının beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında qurulmasını müdafiə edir.
Nəticə etibarilə, 8 Noyabr Zəfər Günü Azərbaycan tarixində sadəcə hərbi qələbə deyil, milli iradənin, dövlət qətiyyətinin və tarixi ədalətin təntənəsidir. Bu Zəfər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin, güclü ordunun və xalqımızın birliyinin nəticəsidir.
Bu gün əsas vəzifəmiz qazanılmış tarixi nailiyyətləri qorumaq, azad edilmiş ərazilərdə davamlı inkişafı təmin etmək, milli birliyimizi möhkəmləndirmək və güclü, təhlükəsiz, suveren Azərbaycanı gələcək nəsillərə ötürməkdir.
Vasif Qafarov,
Milli Məclisin deputatı