"Prezident İlham Əliyev "Reklam haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Qanunda ən mühüm dəyişiklərdən biri odur ki, bundan sonra "İnfluincerlər” özünün istifadə etmədiyi məhsul barədə yanlış təsəvvür yarada bilməyəcək”.
Manset.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.
O bildirib ki, bu qanun dəyişikliyi sosial media istifadəçilərinin aldanmasının qarşısını alacaq:
"Düşünürəm ki, bu dəyişiklik sosial media istifədəçilərinin aldadılmasının qarşısını almağa yönəlib.
Çünki reallıqdır ki, ölkədə "influincer”lərin, blogerlərin reklamlarına aldanıb, dələduzların əlinə düşən minlərlə insan var. Bəzi "influincerlər” pul qarşılığında, mənşəyi, hüquqi ünvanı olmayan şirkətləri, qumar, kazino saytlarını, saxta piramida şirkətlərini, "applicationları” reklam edirdilər. Onlara inanan insanlar da bu tələyə düşüb, həm maddi, həm mənəvi ziyana düşürdülər.
Bundan sonra "influincer”lər reklam etdikləri şirkətlərin hüquqi ünvanını, VÖEN-ini postlarda qeyd etməlidirlər.
Hacıbəy Heydərli qanun dəyişikliyini mühüm yenilik adlandırıb:
"Son illərdə sosial mediada etik qaydaların pozulması, qeyri-qanuni və şübhəli mənşəli məhsul və xidmətlərin tanıdılması halları artmışdı. Bəzi influenserlər öz maraqları naminə reklam etdiyi məhsulu şəxsi təcrübə kimi təqdim edir, izləyicilərdə yanlış təəssürat yaradırdılar. Bu dəyişiklik həmin məsuliyyətsiz davranışlara qarşı hüquqi cavabdır.
Ümumilikdə bu qanun dəyişikliyi Azərbaycanda rəqəmsal reklam mühitinin hüquqi tənzimlənməsi baxımından mühüm yenilikdir və rəqəmsal platformalarda reklam fəaliyyətinə şəffaflıq gətirəcək və insanların aldanmasının qarşısını alacaq".