Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasında (AHİK) qurumun tabe təşkilatı olan Azərbaycan Həmkarlar
İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idmançıları və məşqçi-müəllimləri
ilə görüş keçirilib.
Manset.az xəbər verir ki, görüşdə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov idmançıları və məşqçiləri
qazanılan nailiyyətlərə görə təbrik edib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulan gənclər və idman siyasətinin hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi
ilə uğurla davam etdirildiyini diqqətə çatdıran Konfederasiya sədri ölkəmizin
idman uğurlarından danışıb. Diqqətə çatdırılıb ki, aparılan məqsədyönlü siyasətin
nəticəsidir ki, Azərbaycan idman və olimpiya hərəkatının inkişaf səviyyəsinə
görə dünyanın aparıcı ölkələrindən biri hesab olunur.
Gənc nəslin
sağlamlığının təmin edilməsində, gənclərimizin Vətənə, xalqa layiqli övlad kimi
yetişməsində idmanın əvəzsiz rolunu qeyd edən Konfederasiya sədri cənab
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən
müharibəsində Qələbəmizi şərtləndirən əsas amillərdən birinin də məhz sağlam
ruhlu, vətənpərvər gənclərimiz olduğunu vurğulayıb.
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası da ölkəmizdə həyata keçirilən uğurlu idman və gənclər
siyasətinə töhfə verir, AHİİTA-nın idmançıları ölkə və beynəlxalq səviyyəli
yarışlarda yüksək nəticələr göstərir, medallar qazanırlar.
Sonra çıxış edən
AHİİTA-nın direktoru Tural Qasımov idmançıların nəticələri barədə ətraflı məlumat
verib.
Rumıniyada keçirilən
15-ci Avropa Karate Çempionatında qızıl medal qazanmış Fatimə Cəbrayılova diqqət
və dəstəyə görə idmançılar adından təşəkkürünü bildirib və qarşıdakı yarışlara
hazırlaşdıqlarını qeyd edərək, idmançıların qələbə əzmində olduqlarını
bildirib.
AHİİTA-nın boks və
yunan-Roma güləşi üzrə məşqçi-müəllimləri - Ceyhun Rüstəmov və Akif Əliyev
çıxış edərək dövlətimizin idman siyasətindən, AHİİTA-da idmançıların yetişməsi
üçün yaradılan şəraitdən bəhs ediblər.
Sonda göstərdikləri
yüksək nəticələrə görə idmançılara və məşqçi-müəllimlərə təşəkkürnamə və mükafatlar
təqdim olunub.